"Azad olunmuş ərazilərdə 147 988 hektar sahə yüksək səviyyədə çirklənmiş ərazidir, 675 570 hektar sahə isə orta səviyyədə çirklənib.
Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 900-ə yaxın yaşayış məntəqəsi sökülərək daşınıb.
"Minalarla yanaşı, sürpriz tələlərdən, partlayıcı qurğulardan istifadə olunub. 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da Azərbaycan ərazisindən tapılıb, bunlar erməni qanunsuz birləşmələri tərəfindən əraziyə daşınıb. Çaylar, su quyuları da partlayıcı qurğularla çirkləndirilib, bu isə gələcəkdə kənd təsərrüfatının inkişafına mane olacaq. Azərbaycana verilən mina xəritələrinin 25 faizdən də az dəqiqliyi var, bu da bizim işimizi çox çətinləşdirir", - F.İsayev əlavə edib.
Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən mina terroru haqqında "Sherg.az"a danışan hərbi-ekspert Ədalət Verdiyev bildirib ki, ANAMA tərəfindən verilən açıqlamalar kimsə üçün surpriz deyil:
"Sadəcə olaraq ərazilərin çirklənmə səviyyəsi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bu isə çox təqdirəlayiq addımdır. Hər bir halda həmin ərazilərin təmizlənməsi üçün milyardlarla dollar vəsait lazım olacaq. Ermənistan 21-ci əsrin mina terrorunun memarı kimi bütün məsələlərdə yersiz hay-küy salmaq yerinə, Azərbaycan ərazilərinə basdırdığı minalara görə üzr istəməli idi. Lakin İrəvanın davranışları bu barədə etiraflar gözləməyə əsas vermir. Bütün hallarda minaların tamamilə Azərbaycan ərazilərindən təmizlənməsi yaxın 10 ildə mümkün olmayacaq. Çünki burada təkcə minalara deyil, eyni zamanda müxtəlif surpriz tələlərə və partlamamış sursatlara da rast gəlirik. Bunların bütövlükdə təmizlənməsi, ərazilərimizin tam həcmdə istifadəyə verilməsi böyük vəsait və kifayət qədər uzun müddət tələb edir. 900 yaşayış məntəqəsinin sökülərək digər ərazilərə və ölkələrə daşınması bir fakt idi. Lakin həmin rəqəmin yenidən səsləndirilməsi bir daha Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinin miqyasını əyani şəkildə dünyaya nümayiş etdirir. 20 min hektardan çox Azərbaycan əraziləri Ermənistan tərəfindən mina terroruna məruz qalıb. Buna görə Azərbaycan dövlətinin dağıdılan və mina tarlasına çevrilən ərazilərinin bərpasına çəkilən xərclər ümumi kompensasiya məbləğinə əlavə edilərək Ermənistan tərəfindən Azərbaycana qaytarılmalıdır. Bunun üçün aidiyyəti qurumlar və hüquqşünasların əlindən gələni edəcəklərinə əminik".