Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Dohaya reys açaraq marşrut şəbəkəsinə daha bir istiqamət əlavə edir.
Bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, Bakı-Doha-Bakı marşrutu üzrə ilk uçuş dekabrın 10-da həyata keçiriləcək.
Bu istiqamətdə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Qeyd edək ki, Doha mədəni görməli yerləri, dəbdəbəli otelləri və bir çox əyləncəsi ilə turistlər üçün maraqlı olan gözəl və müasir şəhərdir.
AZAL-ın fəaliyyətini "Sherg.az" dəyərləndirən iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, hava nəqliyyatında yeni reyslərin açılması əlbəttə ki, müsbət haldır. Amma əlbəttə ölkədə aviadaşımə sektorunda müəyyən problemlər hələ də qalmaqdadır:
"İlk növbədə AZAL-ın idaretmə sistemində ciddi islahatlara ehtiyac var. Zənnimcə bu istiqamətdə problemlərin olması onların bazarda mövqelərinin ciddi şəkildə zəifləməsinə şərait yaradır. Nəzərə almaq lazımdır ki, ölkədəki hava nəqliyyatı infrasturukturu yüksək standartlara cavab verəcək şəkildədir. Hava nəqliyyatı sektoruna dövlət tərəfindən böyük həcmli investisiyalar ayrılıb və bu proses davam etməkdədir".
Ekspert AZAL-ın rəhbərliyində olan problemlər və boşluqların qiymət artımı, hava nəqliyyatının effektiv istifadə olunmaması, rəqabət şəraitinin yaradılmaması kimi mənfi nəticələrə səbəb olduğunu söyləyib:
"Buna görə də mütləq şəkildə effektiv, şəffaf idarəetmə reallaşdırılmalıdır. Bu baş verərsə, reyslərin sayının artması, coğrafiyasının genişlənməsi, rəqabət mühitinin formalaşması kimi nəticələr əldə olunacaqdır. Sözügedən proseslərin həlli və inkişafı üçün dövlət müfaviq dəstəyi verir".