Prezident İlham Əliyev imzaladığı sərancamla Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi. Sərancama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir. Bəs vaxtından əvvəl Prezident seçkilərinin keçirilməsinə ehtiyac vardımı və bu seçkilərə xalq hansı əhval-ruhiyyədə gedəcək?
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov "Sherg.az"a bildirib ki, sonuncu dəfə İlham Əliyev 2018-ci ildə Prezident seçiləndə 86 faiz səslə qalib olmuşdu:
“2018-ci ildə hələ torpaqlarımız işğal altında idi, buna baxmayaraq Prezident İlham Əliyevin reytinqi həmin dövrdə də çox yüksək idi və 86 faizlə seçkilərdə qalib gəldi. Aradan beş il ötüb və İlham Əliyev seçki öncəsi torpaqlarımızın azad oluması istiqamətində verdiyi bütün sözlərə əməl edib, tarixi bir qələbənin Ali baş komandanıdır. Bu seçkilərdə İlham Əliyev ölkəmizin suveren hüquqlarını tam bərpa etmiş, torpaqlarımızı işğaldan azad edib, ölkədə seperatizmi bitirib. Belə bir məqamda seçkilərə getməklə İlham Əliyev həm alternativsizdir, həm də bütün xalqın rəğbətini qazanaraq seçkilərdə şəriksiz bir liderdir”.
İlham İsmayılov qeyd edib ki, Qarabağ problemini həll etməklə prezident İlham Əliyev xarici təhdidlərdən ölkəmizi qurtarıb, ölkəmiz bu gün regionda əsas söz sahibi ölkələrdən birinə çevrilib:
“Azərbaycan ictimayyəti artıq Ermənistandan ciddi təhdid gözləmir. Bununla belə xalqımız daxili problemlərin həllinə, köklü islahatların aparılacağına da inanır. Prezidentin xarici qüvvələrə, separatçılara qarşı tuşlanmış dəmir yumruğu indi içəridə inkişafımızı əngəlləyən, xalqı, sahibkarları incidən bəzi qurumlara və şəxslərə qarşı olmalıdır. Bu prossesin özü də çox vacibdir. Bu gün cəmiyyətə saflaşma, təmizlənmə getməlidir. Milli, vətənpərvər qüvvələrin icra strukturlarında çalışması dövlət maraqlarımızın təmin olunmasına daha çox fayda verər. İnanırıq ki, bu ilk prezident seçkiləri olacaq ki, hər qarış torpağımızda azad şəkildə seçkilər keçiriləcəkdir. Bu seçkilərdən sonra biz həm də daxildə islahatları tam müşahidə edəcəyik”.