Bakıda İnsan Hüquqları Günü qeyd olunub 

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Bakı Dövlət Universiteti və Hüquq və İnsan Haqları İnstitutu ilə birlikdə təşkil olunan tədbirdə diplomatik missiyaların, ali təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. 
Sherg.az xəbər verir ki, builki Beynəlxalq İnsan Hüquqları Günü Ümümdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunub. 
BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Vladanka Andreeva, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və BDU-nun hüquq fakültəsinin dekanı Zaur Əliyev bu sənədin tarixdəki əhəmiyyətindən danışıb. 
“Dərin problemlərlə üzləşən dünyada 75 yaşı olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ümid çırağı olmaqda davam edir və insan ləyaqəti anlayışına əsaslanan birləşdirici qüvvə rolunu oynayır. Bu Bəynənnamə xalqları ümumi məqsəd ərtafında birləşdirərək ilk dəfə birmənalı olaraq bütün insanların azadlığını və bərabərliyini təsdiq etdi. O, irqindən, rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və  digər baxışlarından, milli və ya sosial mənşəyindən, əmlakındanvə hər hansı digər statusundan asılı olmayaraq, hər bir fərdin mahiyyət etibarilə azad və bərabər olduğu prinsipini vurğulayırdı”, deyə BMTnin rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib. 
Ümümdünya İnsan Hüquqları Bəyannaməsinin təşviqindəki roluna görə BDU-nun hüquq fakültəsinin bir qrup tələbəsi sertifikatla təltif olunub. 
Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və “DanceAbility Azərbaycan”  İnklüziv Rəqs şirkətinin qrupu çıxış edib.