Sınaq: Prezident seçkilərinin növbədənkənar planlaşdırılması YAP üçün belə asan olmayacaq

"Hər bir ölkədə Prezident seçkiləri önəmli siyasi hadisələrdən biridir. Həmçinin, Azərbaycanda da  Prezident seçkiləri böyük əhəmiyyətə malikdir".
Bu sözləri "Sherg.az"a 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərindən danışan AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib. 
O, qeyd edib ki, Azərbaycanda seçkilərin növbədənkənar həyata keçirilməsi bir çox siyasi camiyə üçün gözlənilməz oldu:

"Yəni hazırlıq baxımından partiyalar istədiyi vəziyyəti yaxalaya bilmədi. Söhbət təbii ki, iddialı partiya və liderlərdən gedir. Hətta Prezident seçkilərinin növbədənkənar planlaşdırılması Yeni Azərbaycan Partiyası (YAP) üçün belə asan olmayacaq. Çünki Azərbaycanda seçkilərin keçirilməsi hansı çətinliklər tələb etdiyini işin içində olan adamlar gözəl anlayır. Azərbaycan ilk dəfə ərazi bütövlüyünü təmin etmiş ölkə olaraq Prezident seçkilərini keçirəcək. Xankəndi, Şuşa və digər ərazilərdə seçki məntəqələri olacaq. Bu isə təbii ki, tarixi bir andır. Ümid edirik ki, Azərbaycan bu sınaqdan da üzü ağ çıxacaq. Eyni zamanda bu seçkilərin  dövlətimizin gələcəkdə daha da güclənməsinə təkan verməsini arzu edirik".