“Mən çox ümidliyəm və yaxın zamanda əsirlərin qaytarılması ilə bağlı məlumat alacağımızı düşünürəm”.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Əldə olunan razılaşmada dəyişiklik yoxdur, proses davam edir. Biz gözləyirik”, – A.Simonyan bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında əldə edilən razılaşmaya əsasən, Bakı 32 ermənini, İrəvan da 2 azərbaycanlı hərbçini azad edib.
Əsirlərin dəyişdirilməsi prosesində gecikmənin səbəbi barədə danışan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a bildirib ki, tərəflər arasında əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşma əldə edilib:
"Bununla əlaqədar heç bir problem yoxdur və hər iki tərəf hazırlıqları yekunlaşdırıb. Eyni zamanda Ermənistan tərəfi də əsgərlərin qaytarılması üçün hazır olduğunu bildirib. Hər halda 32 əsgər sayca çoxdur, onların hazırlanması və neytral bölgədə təhvil verilməsi planlaşdırılıb. Yaxın günlərdə, hətta saatlarda belə əsirlərin dəyişdirilmə prosesi baş tutacaq. Əsirlərin qaytarılması iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün müsbət başlanğıcdır. Bu baxımdan əsirlərin dəyişdirilməsi üçün hansısa əngəlin olacağını və yaxud tərəflərin imtina edəcəyini düşünmürəm. Çünki bu sülh müqaviləsinin imzalanmasına əngəl ola bilərdi. Sadəcə olaraq texniki məsələlərə görə yubanma baş verir".