“Sülh prinsipləri”: İrəvan işğalçılıq ideologiyasından vaz keçəcək?

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb.
APA TASS-a istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, əgər artıq Bakı iki ölkə liderləri arasında razılaşdırılmış prinsipləri təsdiq etsə, sülh sazişinin imzalanması realdır.

“Azərbaycan bu prinsipləri təsdiq edərsə, yaxın vaxtlarda sülh sazişinin imzalanması çox realdır”, - Paşinyan dənizə çıxışı olmayan ölkələrin nazirlər iclasının açılış mərasimində vurğulayıb.


Paşinyanın fikirlərinə münasibət bildirən politoloq Aytən Qurbanova "Sherg.az"a deyib ki, sülhün bizim üçün əsas şərtləri artıq açıq şəkildə ifadə olunub və bütün platfomalarda da səsləndirilib:

"Çox təəssüflər olsun ki, Ermənistan tərəfi bu şərtləri qəbul edərək sülhə doğru bir addım atmaq əvəzinə onlara fərqli formada ifadə olunmuş əlavə “şərhlər” verərək vaxt qazanmağa çalışır. Təbii ki, bu heç bir halda qəbul ediləcək yanaşma deyil. Digər tərəfdən isə Ermənistanın bugünə qədər “sülh prinsipləri” adı altında təqdim etdiyi bütün yanaşmaların açıq şəkildə işğalçılıq ideologiyası üçün zəmin yaratmaq cəhdləri olduğunu da aydın şəkildə müşahidə etmək mümkündür. Ona görə də sülh müqaviləsinin imzalanmasının yeganə yolu Ermənistan tərəfinin Azərbaycanın təklif etdiyi beş prinsipi qeyri-şərtsiz qəbul etməsi və digər məsələlərə dair müzakirələrdə də konstruktiv mövqe nümayiş etdirərək xoş niyyət addım atmasıdır. İlkin mərhələdə əsirlərin dəyişdirilməsinə dair qəbul edilmiş qərarın icra olunması müəyyən mənada artıq ikitərəfli danışıqlar platformasının sülh üçün uğurlu nəticələrə gətirib çıxara biləcəyinə dair müsbət fikirlər formalaşdırır. Ümid edirik ki, bu istiqamətdə atılan müsbət addımlar davamlı xarakter alacaq. Məhz belə olan halda biz nəhayət ki, sülh müqaviləsinin imzalanmasının mümkünlüyü haqqında danışa bilərik".