Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar üzərində hüquq-mühafizə orqanlarının adı və atributları həkk olunan aksesuarlardan istifadə hallarının geniş vüsət alması ilə bağlı məlumat yayıb. Məlumatda bu cür aksesuarlardan istifadənin yanlış anlaşıldığı və sui-istifadə hallarının yolverilməz olduğu bildirilib.
“Təəssüf ki, əksər hallarda belə aksesuarların asıldığı nəqliyyat vasitələri cəmiyyətdə həmin avtomobilin məhz polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına məxsus olması haqda yanlış rəy yaradır və təbii ki, belə avtomobillərlə törədilən yol hərəkəti qayda pozuntuları da yanlış anlaşılır".
Məsələ ilə bağlı "Sherg.az"a danışan Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, kənar şəxslərin nəqliyyat vasitələrində dövlət qrumlarına məxsus atributlardan istifadə etməsi doğru deyil:
"Bundan yalnız həmin adiyyatı qurumların yaralanması daha məqsədəuyğundur. Sözügedən aksesuarlardan istifadə edənlərin məqsədi isə hər kəsə bəllidir. Belə ki, həmin şəxslər bununla məsuliyyətdən yayınmaq istəyirlər. Düşünürlər ki, bu nişanı görən polis onlara cərimə yazmayacaq. Çox ehtimal ki, DİN tərəfindən edilən xəbərdarlıqdan sonra müəyyən cərimələr tətbiq oluna bilər. Atributlardan sui-istifadə edən vətəndaşlar indidən tədbir görsünlər".