Ermənistan və Fransanın müdafiə nazirləri hərbi əməkdaşlıq barəsində sənədlər paketi imzalayıblar.
Qeyd olunub ki, daha bir saziş Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanla adı açıqlanmayan Fransa şirkətinin nümayəndəsi tərəfindən imzalanıb.
Qeyd edək ki, Fransanın müdafiə naziri Sebastyan Lekornu İrəvanda səfərdədir. Bu, Fransanın müdafiə nazirinin Ermənistana ilk səfəridir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, Fransa açıq şəkildə Ermənistana öz hərbi dəstəyini bildirməkdədir:
“Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa lideri Makronla görüşdə də hərbi-texniki əməkdaşlığa bağlı fikirlər müşahidə olundu. Eyni zamanda görüş zamanı Fransanın hərbi cəhətdən Ermənistana yardım etməsi də səsləndirildi. Bunun ardınca isə Fransanın müdafiə naziri Sebastyan Lekornunun İrəvana səfər etdiyini görürür. O, Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüşüb. Bu görüş hərbi cəhətdən Ermənistana dəstək vermək niyyəti güdür. Yayılan məlumatlara görə gecə görmə cihazları və radarlar da daxil olmaqla hərbi yardımın müxtəlif seqmentləri özünü büruzə verir. Açıq şəkildə Ermənistanın Fransa tərəfindən dəstək alması Cənubi Qafqazdakı hazırki vəziyyəti dəyişməyə yönəlib. Şübhəsiz ki, Fransa tərəfindən silahların Ermənistana verilməsi gələcəkdə böyük təhlükə və təhdid formalaşdıra bilər. Təhlükəsizlik adı altında verilən silahların hücum xarakterli olması istisna edilmir. Yəni bununla Ermənistan Azərbaycanın ərazilərinə müdaxilə edə bilər. Buna qarşı dünya birliyi də öz etiraz səsini qaldırmalıdır. Çünki Fransa hər kəsin gözü önündə Ermənistanı silahlandıraraq müharibəyə təşviq edir”.