Ukrayna Prezidenti Vladimir Zelenski davam edən müharibə fonunda bu ili dönüş nöqtəsi adlandırıb.
bu barədə jurnalistlərin suallarını cavablayarkən deyib.
"Düşünmürəm ki, bu, ən zəif məqamdır. Sarsıdıcı məqam iki il əvvəl fevralın 24-ü idi. İndi bizim birliyimiz üçün ən çətin məqamdır.
Əgər biz ortaqlarımızla və daxildən dağılsaq, onda bu, ən zəif an olacaq. Hələ ki, bu baş verməyib", - o bildirib.
Ukrayna üçün genişmiqyaslı müharibənin üçüncü ili haqqında danışan Zelenski bunun “dönüş nöqtəsi” olduğunu qeyd edib.
Zelenskinin fikirlərinə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, Ukrayna üçün mövcud vəziyyətin yaxşıya doğru getdiyini demək mümkün deyil:
“Son günlərdə, Amerika Birləşmiş Ştatlarında Senatın yeni yardım layihəsini təsdiq etməməsi Ukraynanın mübarizə aparmasını çətinləşdirir. Amma bu Ukraynanın məğlubiyyətə düçar olması mənasına gəlmir. Yəni hər an mövcud vəziyyət dəyişə bilər. Məsələn, Amerikada Senat yeni qanun layihəsi təsdiq etsə, yenidən digər dövlətlərdən də böyük dəstəklərin ayrılması baş verəcək. Ümumi gedişata nəzər salan zaman hazırda Rusiyanın qarışıqlıqdan istifadə edərək cəbhədə üstünlüyü ələ keçirdiyini görürük. Dünyanın ikinci ən böyük ordusu sayılan Rusiya ordusunun bu üstünlüyü asanlıqla əldən verəcəyini gözləmək doğru deyil”.
Ekspert qeyd edib ki, Zelensikin açıqlaması normaldır:
"Çünki hansısa dövlət başçısı üstünlüyü əldən vermişik və məğlub olarıq şəklində açıqlama vermir. Zelenskinin dönüş nöqtəsi adlandırığı məsələ isə müttəfiqləri ilə əlaqəlidir. Yəni Avropa İttifaqının ali nümayəndəsi Borelin fikirlərini təkrar edir. Ukrayna Prezidenti açıqlaması ilə dönüş nöqtəsinin onların xeyrinə olması üçün tərəfdaşlarına yardın etməklə bağlı mesaj ötürür. Qərb isə nə Ukraynanın nə də, Rusiyanın qələbə qazanmasını istəyir. Onlar savaşın uzanmasına çalışırlar. Çünki Rusiyanın Ukrayna müharibəsinə başının qarışması Qərb dairələrinə sərf edir. Ukrayna isə problemin tezliklə həll olunmasını istəyir”.