Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Zolt Nemet AŞPA-nın qış sessiyasında parlamentin Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinə etirazla bağlı qəbul edilmiş qətnamə ilə əlaqədar AŞPA sədri Teodoros Russopulosa məktub göndərib.
Məktubda qeyd olunur ki, bu qərarın qəbulu “ortaq maraq doğuran məsələlər üzrə konstruktiv idarələrarası dialoq və məsləhətləşmələr praktikasına xələl gətirdi”.
"Bu kontekstdə hesab edirik ki, Azərbaycan nümayəndə heyətinin təşkilatda iştirakı məsələsi təcili həll olunmalıdır", - Nemet qeyd edib.
Macarıstan nümayəndə heyətinin rəhbəri AŞPA sədrini siyasi qruplarla birlikdə “qətiyyətli addımlar atmağa” və Azərbaycanın parlament nümayəndə heyətinin təcili olaraq AŞPA-da işə qayıtmasına imkan yaratmağa çağırıb.
Nemet əmin olduğunu bildirib ki, bu, Azərbaycana “nəinki Avropa Şurasının məruzəçilərinin ölkəyə dəvət olunması və onların səfərinin təşkili üçün şərait yaratmağa, həm də Parlament Assambleyasını ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dəvət etməyə” imkan verəcək.
Məktubunu “Sherg.az”a dəyərləndirən millət vəkili Səməd Seyidov bildirib ki, getdikcə bu cür məktubların artdığının şahidi oluruq:
“Müxtəlif ölkələr və diplomatlar AŞPA-ya müraciət edərək bu utanc addımım tezliklə ləğv edilməsinin Avropa Şurasının öz nüfuzuna xeyiri olacağını bildirirlər. Hazırda top onların tərəfindədir və Azərbaycanla bağlı qərarı nə vaxt ləğv edəcəkləri bəlli deyil. AŞPA bu cür addım nümayiş etdirməklə özlərini çətin vəziyyətə saldı. Azərbaycan bundan sonra da inkişaf edir və Avropa ilə də əlaqələrini yüksək səviyyədə tutur. Münhendə keçirilən Təhlükəsizlik Konfransı buna əyani sübutdur. Ancaq Avropa Şurası kənarda qaldı. Əvvəlcə jurnalistlər Avropa Şurasındakı vəziyyətlə bağlı zəng edib məlumat alırdı. İndi isə bununla bağlı informasiya əldə etmirlər. Çünki Avropa şurası artıq jurnalistlər üçün də maraqsızdır. Öz qeyri-obyektivliyi ilə seçilən təşkilat Fransanın aqibətini yaşayır. Fransa sülh danışıqlar prosesində vasitəci mövqeyində idi. Amma balansı qoruya bilmədiyi üçün özü-özünü vasitəçilikdən kənarlaşdırdı. Avropa Şurası da Fransanın oynunu oynadığına görə özünü regiondan xaric etdi”.