Rusiya Ermənistan parlamentinin sədri Alen Simonyanın rus sərhədçilərinin İrəvan hava limanından çıxarılmasının zəruriliyi ilə bağlı sözlərini qeyri-dost davranış nümunəsi kimi qiymətləndirir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
O qeyd edib ki, Rusiya Ermənistandan sərhədçilərin İrəvan hava limanından çıxarılması ilə bağlı heç bir müraciət almayıb.
Zaxarovanın fikirlərinə münasibət bildirən Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a bildirib ki, son vaxtlar Moskva ilə İrəvan arasında münasibətlər kəskinləşib:
“Bu isə Ermənistanın Qərbə yaxınlaşması fonunda baş verir. Yəni Ermənistan Qərbdən aldığı tapşırıqlar əsasında Rusiyadan uzaqlaşır. Qərbin məqsədi isə Cənubi Qafqazda öz mövqeyini gücləndirmək, Rusiyanın nüfuzu aşağı salmaqdır. Baş verən hadisələrin ssenarisi 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələn zaman yazılıb. Çünki Paşinyan Qərbmeyilli siyasətçidir. Kənardan Paşinyanın Rusiya ilə Qərb arasında balanslı siyasət aparması görünsə də, bu heç də belə deyil. Balanslı siyasət heç kimdən asılı olmadan öz müstəqil siyasətini yürütməkdir. Eyni zamanda bütün tərəflər ilə azad şəkildə dil tapa bilməkdir. Amma Nikol Paşinyan məhz təzyiq və təhriklər ilə hərəkət edir”.
Analitik onu da vurğulayıb ki, Ermənistanın son vaxtlar Rusiya əleyhinə işlətdiyi ifadələr və rus sərhədçilərinin İrəvan hava limanından çıxması kimi məsələlər Şimal qonşumuzda qıcıq yaradır:
“Rusiya proseslərə hələ ki, soyuq yanaşır. Ermənistanın Rusiyadan uzaqlaşma istiqamətindəki addımları bundan sonra da səngiməyəcək. Bir müddət sonra isə Rusiya təkcə söz səviyyəsində deyil, həmçinin fiziki mənada Ermənistana cavab verə bilər. Amma Moskvanın Ermənistana hərbi müdaxilə edəcəyini düşünmürəm. Çünki Rusiyanın Ermənistana hərbi müdaxilə etməsi Qərbin arzusudur. Qərb bununla Rusiyaya qarşı ikinci cəbhənin açılmasını istəyir. Paşinyanı aradan qaldırmaq isə Rusiya üçün heç də çətin deyil. Paşinyan da bunu bilir və çox güman ki, Qərbdən təhlükəsizlik zəmanəti alıb. Amma bütün hallarda Paşinyanın ritorikası rus ruleti oynamaqdır. Amma bu ritorika Paşinyanın siyasi hakimiyyətinə və şəxsi təhlükəsizliyinə təhdid yaradır”.
Qeyd edək ki, A.Simonyan daha əvvəl rus sərhədçilərinin İrəvan hava limanından çıxarılmasının zəruriliyinə işarə vurmuşdu.