Mixail Saakaşvilinin əfv edilib-edilməməsi ilə bağlı qərar Gürcüstan prezidentinin mənəvi məsuliyyətidir və buna heç kim təsir edə bilməz.
Nunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“Mən bu məsələyə münasibət bildirmirəm. Bu, özümün verəcəyim və buna görə də özümə cavabdeh olacağım mənəvi qərardır. Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi bir məsələ deyil”, - Zurabişvili bildirib.
Prezident bununla yanaşı bildirib ki, Saakaşvili real səbəblərdən həbs edilib:
“Bu o demək deyil ki, biz humanitar perspektivi nəzərə almamalı və ona hörmət etməməliyik. Həbsxanada onun başına gələnləri çox diqqətlə izləyirdim. Razıyam ki, reputasiya baxımından onun başqa yerdə yerləşməsi daha yaxşı olardı. Bu, hökumətin verməli olduğu bir qərardır. Digər ölkələrin istifadə etdiyi bir çox imkanlar var - ev dustaqlığı, ekstradisiya. Ukrayna ekstradisiyaya hazır olduğunu bildirdi, amma bunun nə dərəcədə rəsmi olduğunu bilmirəm. Beləliklə, imkanlar var”.
Məsələ ilə bağlı “Sherg.az”a danışan politoloq Azər Rəşidoğlu bildirib ki, Ukrayna müharibəsi bitənə qədər Saakaşvilin azad edilmə ehtimalı azdır:
“Rəsmi Tbilisi Putinin şəxsi düşmənini azadlığa buraxmağa risk etmir. "Mişa"nı Kreml girovluqda saxlayır. Onun həbsdə çürüdülməsinin əsas müəllifi Putindir. Lakin Saakaşvili artıq Rusiya üçün təhlükə deyil. Amma Putinin qüruru bu böyük siyasətçisini məhv edir. Bu gün Gürcüstanda gənc nəsil Mixail Saakaşvilini tanımır, yaşlı nəsil isə hesab edir ki, "Mişa" hakimiyyətə qayıdarsa, Gürcüstan Rusiya ilə qarşıdurmaya gedəcək. Bu isə ölkədə vətəndaş toqquşmasına səbəb ola bilər. Əslində, Mixail Saakaşvili dövrünün bitməsi də Moskva-Tbilisi münasibətlərini keçmişdəki kimi "isti məcraya" qaytara bilmədi. Əksinə, Ukraynada baş verənlər onu deməyə əsas verir ki, Qərb MDB məkanına növbəti dəfə təsir etmək istəyir. Qərbin Gürcüstanda həyata keçirdiyi "Saakaşvili layihəsi" uğurlu oldu. Qısa bir müddət ərzində ölkədəki korrupsiyaya son qoyan Saakaşvili, işsizlik problemini həll etməklə yanaşı, dövlətin uzun illərdən bəri əhaliyə olan əməkhaqqı borclarını ödəyə bildi. Bir sözlə, Saakaşvili bir örnək idi. Qərblə inteqrasiyanın üstünlüklərini MDB məkanına göstərmək üçün həyata keçirilən bir layihə olub”.
Ekspert onu da söyləyib ki, 2003-cü ilin noyabr ayında minlərlə insan parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxdı:
“Həmin vaxt özünün “Vahid milli hərəkat” partiyasına başçılıq edən Mixail Saakaşvili etiraz dalğasının başında olan üç siyasi liderdən biri oldu. Parlamentin keçmiş spikerləri Zurab Jvaniya və Nino Burcanadze o vaxt Saakaşvilidən daha təcrübəli və nüfuzlu müxalifətçi siyasətçilər idilər. Bununla belə, küçədəki insanlar “Mişa” qışqırırdılar. Məhz Saakaşvili həlledici anda saxtalaşdırma nəticəsində seçilmiş yeni qanunverici orqanın sessiyanın başlamasına mane olmaq məqsədilə, parlamentə edilən yürüşə başçılıq etdi. Digər liderlər onun arxasınca getmədi. Risk böyük idi – parlamenti xüsusi təyinatlı polislər mühafizə edirdi, tribunadan isə çoxsaylı mühafizəçilərlə əhatə olunan Şevarnadze çıxış edirdi. Amma nəticədə Şevardnadze nümayişçilərin təzyiqi altında parlament binasını tərk etdi, sonra isə istefa verdi. İnqilabın əsas liderinə çevrilən Saakaşvili 2004-cü ilin yanvar ayında Gürcüstan prezidenti seçildi.
"Mişa" bir islahatçı liderdir və korrupsiyanın qarşını ala bilib. O, rüşvətin miqyasını azalda bildi, amma gürcülər Sovet keçmişləri üçün darıxdıqları üçün sona qədər "Mişa"nı dəstəkləmədilər. Rüşvət asan çıxış yoludur. Şevarnadze bu xalqı o qədər rüşvətə alışdırıb ki, insanlar rüşvətsiz yaşaya bilməyəcəklərini düşünürlər. Odur ki, rüşvətsiz, bürokratik əngəlsiz yaşamaq üçün sona qədər mübarizə aparmaq istəmirlər. İstənilən halda Saakaşvili bu xalqın şərəfli tarixidir. Gürcülər onu bu dərəcədə aşağılamaqla tarixə hörmətsizlik edirlər. Putinin qarşısında "Mişa"nı bu dərəcədə alçatmaq gürcülərə baş ucalığı gətirmir”.
Qeyd edək ki, bir müddət öncə Ukrayna parlamenti Saakaşvilinin azad edilməsi ilə bağlı Prezident Salome Zurabişviliyə müraciət ünvanlamışdı.