“Ermənistanın müharibədən qaçmaq və regional proqramlardan kənarda qalmamaq üçün iki yolu var”.
bunu keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayan deyib.
O qeyd edib ki, Ermənistan bu yollardan hansını seçəcəyinə qərar verməlidir:
“Birincisi, Ermənistan Azərbaycanın qərb rayonlarının Naxçıvanla birləşdirilməsi üçün magistral yol verir. Bununla ölkənin suverenliyi qorunmuş olur. Lakin o zaman İrəvanın İranla problemləri olacaq, çünki Tehran Bakı üzərində nəzarəti itirəcəyi üçün buna qarşıdır. Bu gün Azərbaycan Naxçıvanla İran üzərindən əlaqə yaradır. Hazırkı iqtidar regionda kommunikasiyaların yaradılması ilə bağlı “sülhün kəsişməsi” adlı layihə təqdim edib. Amma bu bizi sülhə yox, müharibəyə aparır”.
Babayan Ermənistanın qarşısında 50 milyard dollarlıq ordu olduğunu xatırladıb:
“Türkiyə ordusunun büdcəsini 17 milyarddan 44 milyarda, Azərbaycan isə 2,8 milyarddan 6 milyarda çatdırıb. Yəni biz müharibəyə doğru irəliləyirik. Bir yol seçməliyik”.
Babayanın sözlərini “Sherg.az”a dəyərləndirən politoloq Sultan Zahidov bildirib ki, sülh və sabitliyin təmin olunması məqsədilə Ermənistanın qarşısında duran ən rasional seçim üçtərəfli bəyanatının 9-cu bəndini yerinə yetirməkdir:
“Yəni Ermənistan Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında maneəsiz komunikasiyanın yaradılmasına şərait yaratmalıdır. Eyni zamanda Azərbaycanın təşəbbüs göstərdiyi sülh prosesinə konstiriktiv yanaşmalıdır. Ermənistan digər tərəfdən Azərbaycan və Türkiyənin təklif etdiyi “3+3” platformasında iştirak etməlidir. Əgər bu şərtlər baş tutsa, bölgəyə sülh və əmin-amanlıq gələcək. Amma əksinə olaraq İrəvan atəşlə oynayır. Ermənistan bir tərəfdən Cənubi Qafqazda Fransa və bəzi Qərb ölkələrinin maraqlarının təminatçısı kimi çıxış edir. Bununla da Rusiya və İran kimi regional gücləri qarşısına alır. Rusiya ilə İran isə belə olan halda Ermənistanı neytrallaşdırmağa cəhd göstərəcək”.
Ekspert onu da vurğulayıb ki, Azərbaycanın Ermənistana qarşı hansısa ərazi iddiası yoxdur:
“Ermənistan Zəngəzur dəhlizindən imtina etsə belə, Azərbaycan İrəvana hücüm etməyəcək. Çünki Azərbaycanın alternativ kanalları var. Bu gün Ermənistan və Azərbaycan arasında müharibənin baş tutacağını düşünmək doğru deyil. Ermənistanın hərbi potensialı savaş etməyə imkan vermir. Amma nəzərə almaq lazımdır ki, Ermənistanda kifayəq qədər revanşist qüvvələr var. Həmçinin Ermənistandakı hazırki rejim dəyişə də bilər. Əgər indiki vəziyyətdə sülh bağlanmasa, gələcək zamanda revanşistlərin hakimiyyətə gəlməsi ilə müharibə ehtimalı yaranacaq. Bunun baş tutmaması üçün Ermənistanın Qərbdən üz döndərib, Azərbaycanla sülh sazişi imzalaması lazımdır”.
Politoloq, həmçinin söyləyib ki, hazırda Cənubi Qafqazda ciddi proseslər gedir:
“Qərb Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmağa səy göstərir. Digər tərəfdən İran hər cəhdlə Qərbin bölgədə möhkəmlənməsinə qarşı çıxır. Rusiya Qərbin ümumiyyətlə regionda nüfuz sahibi olmasını istəmir. Azərbaycan isə Türkiyə ilə birlikdə baş verən oyunları pozmağa çalışır. Ermənistan da Qərbin şirnikləşdirici addımlarına inanaraq prosesləri daha da gərginləşdirir”.