Analitik: ABŞ üçün Zelenskinin taleyinin əhəmiyyətli olduğunu düşünmürəm

“ABŞ Rusiya ordusunun uğurla irəliləməsi fonunda Ukrayna Prezidenti Vladimir Zelenskini Kiyevdən təxliyə edə bilər”
Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş əməkdaşı Stiven Brayan deyib.
“Zelenski hökumətinin Kiyevdə nə qədər dayana biləcəyini söyləmək mümkün deyil. Rusiya qoşunlarının irəliləməsi, ölkə daxilində artan iğtişaşlar, seçkilərdən imtina, Zelenskiyə qarşı çıxan insanların həbs olunması vəziyyəti daha da ümidsiz hala gətirir. Odur ki, Zelenski Kiyevdə ölümcül təhlükə ilə üzləşə bilər. Bu şəraitdə Pentaqonun Ukrayna liderini xilas edərək başqa yerə köçürməsi mümkündür. Lvov ən çox ehtimal olunan yerdir. Çünki rusların bura çatması çox çətindir”, – Brayan vurğulayıb. 

Brayanın fikirlərini “Sherg.az”a şərh edən "Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov bildirib ki, həqiqətən də Rusiyanın cəbhədə irəlilədiyini görürük:

“Ukraynanın Rusiya ərazisində və Krımda həyata keçirdiyi xususi əməliyyatlar lazimli nəticəni vermir. Çünki faktiki olaraq Rusiya döyüş meydanında müəyyən uğurlar əldə edib. Həmçinin Rusiya ordusunda hakimiyyətə qarşı hərəkətlənmələr də yoxdur. Əlbəttə, Zelenski Prezident olaraq ciddi şəkildə qorunur. İndiyə qədər ona bir neçə dəfə sui-qəsd cəhdi olub. Həmin sui-qəsd cəhdlərinin detalları açıqlanmasa belə, bununla bağlı müəyyən məlumatlar yayılıb və daha sonra qarşısı alınıb. Müharibə gedən ölkədə prosesləri idarə edən şəxsin aradan qaldırılması 80-90 faiz qələbə deməkdir. Bu mənada Zelenskinin öldürülməsi Rusiya maraqlarına uyğundur. Zelenski isə bunu bilir, ona görə də müdafiə olunur. Təxliyə məsələsi rəsmi şəxs tərəfindən deyilsə idi, ikibaşlı açıqlama sayılardı. Ukrayna üzərində ABŞ idarəetməni təmin etmək üçün Zelenskini hakimiyyətdən uzaqlaşdıra bilər. Son vaxtlar Ukrayna və ABŞ hakimiyyəti arasında ziddiyətlər yaranıb. Amma  ABŞ üçün Zelenskinin taleyinin əhəmiyyətli olduğunu düşünmürəm. Əgər Zelenski hakimiyyətdən getsə, onlar üçen yeni birini gətirmək o qədər də çətin deyil”.