Martın 13-ü axşam saatlarında Təbrizdə “Traktor” və Tehranın “Havadar” komandalarının qarşılaşmasından sonra həbs edilənlərin sayı 5-ə çatıb.
Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.
Siyamək Seyfi, Milad Zeynəlabdini, Səməd Heydəri, Əmin Tağızadə və Əmir Tağızadənin təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirilib.
Onların hara aparıldığı və ittihamları barədə məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, qarşılaşma zamanı “Traktor” azarkeşləri şüarlar səsləndirib, plakatlar açıblar. Plakatlarda Azərbaycan Respublikası və Güney Azərbaycanın xəritələri təsvir olunub.
Məsələ ilə bağlı “Sherg.az”a danışan Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili bildirib ki, İranda demokratik mühit olmadığı üçün insanlar öz fikirlərini dilə gətirə bilmirlər:
“Cənubi Azərbacan gəncliyi böyük ləyaqət, yaradıcılıq və cəsarət şüuru ilə “Traktor” oyunundakı ortamı xalqının səsini dünyaya çatdırmaq üçün meydana çevirdilər. İllər öncə də “Cənubi Azərbaycan İran deyil” yazısını “Traktor” oyununda nümayiş etdirmişdilər. Bunu isə səhvən İran televiziyaları da yayımlamışdı. “Traktor” azerkeşlərinin səsi dünya Azərbaycan xalqının ürək və beyin səsidir. Bütün əziyyət və cəzalərə rəğmən həmin meydanlardan xalqımızın səsini dünyaya çatdırmaq üçün istifadə edirlər. Şimali Azərbaycanla Cənubu Azərbaycanda bayrağımızı qaldırmaq eyni deyil. Cənubi Azərbaycanda bayraq və bütöv xəritəni qaldırmaq üçün həbsə salınmağı, işdən və dərsdən atılmağı gözə almaq lazımdır. Bütöv Azərbaycan xəritəsinin qaldırılması Cənubi Azərbaycanda “Azərbaycançılıq anlayışı”nın nə qədər güclü olduğunu göstərir. Biz bununla həm qürurlanmalı, həm də ümidlənməliyik. Eyni zamanda öz problemlərimizin daha da fərqinə varmalıyıq. Təbrizin bu gün üzü də, ürəyi də, ümidi də Bakıdır”.