Vladimir Zelenski hakimiyyəti dəyişsə, Ukrayna dağılmaqdan qaça bilər.
Bunu amerikalı diplomat Ças Friman deyib.
"Söhbət Ukraynanı tam məhv olmaqdan xilas etmək imkanından gedirsə, cavab belədir: Kiyevdə hakimiyyət dəyişikliyi və ya siyasətdə əsaslı dəyişiklik lazımdır", - o bildirib.
Onun sözlərinə görə, Kiyev sülh danışıqları aparmaqdan və münaqişəni diplomatik yollarla həll etməkdən imtina etməklə yanılıb.
Friman vurğulayıb ki, döyüşlər nə qədər uzun davam edərsə, gələcəkdə danışıqlar prosesinə başlamaq bir o qədər çətindir.
Frimanın fikirlərinə münasibət bildirən politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, ABŞ və digər Qərb ölkələri müharibənin uzanmasından narahat olmağa başlayıblar:
“Ona görə də bu ölkələrdəki beyin mərkəzləri, müxtəlif siyasi - diplomatik şəxslər bu haqda müxtəlif variantlar üzərində işləyirlər. Uzun müddətdir ki, bir çox dairələr Vladimir Zelinskini kapitulasiyaya məcbur etmək istəyir. Ancaq Ukraynanın hazırkı hakimiyyəti heç bir halda indiki şəraitdə Rusiya ilə danışıqlara getmək istəmir. Buna səbəb isə indiki şəraitdə belə danışıqların Ukraynanın ziyanına olacağıdır. Çünki Ukraynanın mühüm şəhərləri Rusiya tərəfindən işğal edilib. Buna görə Kiyev Moskva ilə hansısa formada razılıqdan boyun qaçırır. Zelinskinin başqası ilə əvəz edilməsi variantı baş tuta bilər. Ancaq bu Qərbin özünün fiaskosu olacaq. Qərb Ukraynada nə qədər resurs xərcləyib. Bu qədər əziyyətdən sonra Rusiyaya istədiyini vermək Qərbin fiaskosu olacaq və Kremlin əl-qolunu açacaq. Qərb bunları nəzərə almalıdır. Bunun əksi təkcə Ukrayna üçün yox, Qərb dünyası üçündə fiasko ilə bitəcək”.