Paşinyandan müharibə siqnalı: Savaş gözlənilir?

Paşinyan iddia edir ki, Ermənistan sərhədyanı kənd anklavları məsələsində güzəştə getməkdən imtina edərsə, həftənin sonunda Azərbaycan müharibəyə başlayacaq.
Bu barədə TASS məlumat yayıb.

Paşinyanın fikirlərinə münasibət bildirən hərbi ekspert Emil Həsənli “Sherg.az”a deyib ki, Ermənistan bu yola əl atmaqla Fransa, Avropa və dünya birliyinin dəstəyini almağa çalışır: 

“Ermənilər hər zaman maddi cəhətdən yardımlar dilənməyə öyrəşiblər. Onlar diaspor və böyük dövlətlərdən təmənnasız silahlar almaq istəyir. Eyni zamanda Paşinyan daxildən əhalini qorxu vəziyyətinə salır ki, Azərbaycan müharibəyə başlaya bilər. Ermənistan 44 günlük müharibə, lokal xarakterli antiterror tədbirləri zamanı xeyli əsgərlər itirib və iqtisadiyyatına ciddi zərbə dəyib. Ermənistan əhalisi də buna görə xof və qorxu içərisindədir. Ermənistan dəstək almaq üçün xalqını və arxasında duranları Azərbaycan ordusu ilə  qorxudur. Paşinyanın dediyində yalnız bir həqiqət var ki, Azərbaycan bir qarış torpağını heç kimə güzəştə getməyəcək. Ermənistan anklav olan əraziləri geri qaytarmasa və Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, Azərbaycan bunları öz gücü ilə həll edəcək. Paşinyanın fikirlərini siyasətlə məşğul olan şəxslər belə anlamır. Çünki o gün ərzində bir neçə xəyala dalır. Paşinyanın fikirləri bir-birilə ziddiyət təşkil etdiyinə görə son zamanlar ciddiyə alınmır”.