Aİ-nin nümayəndələri Azərbaycandan "təcavüzkar" obrazı yaratmağa səy göstərir -RƏY

Cənab Toivo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur.
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə X hesabında yazıb.
A.Hacızadə qeyd edib ki, sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil.
Qeyd edək ki, Avropa Birliiynin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar qərəzli bəyanatla çıxış edib. O, Azərbaycanın mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb.

Yüksək rütbəli nümayəndələr tərəfindən bu cür açıqlamarın olmasını mənfi qiymətləndirən siyasi şərhçi Mübariz Göyüşlü “Sherg.az”a bildirib ki, bu Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasına mənfi təsir edir: 

“Hazırda iki ölkə arasında münaqişə bitib. Biz Sülh danışıqları aparırıq və dövlətlərarası münasibətlərin tənzimlənməsinə çalışırıq. Amma belə açıqlamalar sülh prosesini ləngidir və əlaqələrin gərginləşməsinə istiqamətlənir. Hesab edirəm ki, Avropa İttifaqı, bir sıra Avropa dövlətləri və onların nümayəndələri belə çıxışlarla Azərbaycandan təcavüzkar obrazı yaratmağa səy göstərirlər. Eyni zamanda guya Azərbaycanın təcavüzkarlıq faktıyla Ermənistana dəstək vermək adıyla Cənubi Qafqazda yerləşməyə çalışırlar. Burada digər məqsəd isə Rusiyanı Ermənistandan çıxartmaqdır. Azərbaycandan təcavüzkar obrazı yaratmağa çalışmaq qəbuledilməzdir. Avropa İttifaqı və nümayəndələri məsuliyyətli davranışlar göstərməlidir. Yəni verdikləri açıqlamalar Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşı istiqamətə aparmalıdır. Onların Ermənistan üzərindən regiona daxil olmaq cəhdləri tamamilə yanlışdır. Avropa ölkələri Cənubi Qafqazda öz mövcudluğunu təmin etmək istəyirsə, öncə Azərbaycanla anlaşmalıdırlar.  Avropa dövlətlərinin bu kimi davranışları davam edərsə, gərginlik yeni müharibə və hərbi münaqişəyə səbəb ola bilər. Bunun məsuliyyəti isə Avropa İttifaqı və Ermənistanın üzərinə düşür”.