Son vaxtlar İranın Azərbaycan Respublikasındakı səfiri Abbas Musəviyə qarşı öz ölkəsinin media qurumları tərəfindən hücumlar artıb.
Səfir barəsində sosial media və xəbər saytlarında tənqidi yazılar dərc olunur.
Bu qəbildən olan növbəti hücum İranın analitik xəbər portalı “Bülten nyus” tərəfindən olub. Sayt Abbas Musəvinin səfirlik binasında hicabsız azərbaycanlı xanım jurnalistə müsahibə verməsini tənqid edib.
“İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin uyğun olmayan geyimdə olan qadın aparıcının yanında çəkilmiş fotoşəkli kiberməkanda böyük müzakirələrə səbəb olub. Aparıcının belə isti qarşılanması İmam Xomeyni, ali rəhbəri ayətullah Xamənei və Qasım Süleymaninin şəklinin altında oturdulması və diplomat kimi Azərbaycan bayrağının onun yanına qoyulması bir çox sərt və tənqidi fikirlərə yol açıb ”,- sayt yazıb.
Səfirin bu hərəkətinin inqilab və onun dəyərlərinə, Musəvinin şərəf və ləyaqətinə zidd olduğu bildirilib.
Bunun İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəviyə qarşı olan bir təbliğat olduğunu bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Solton “Sherg.az”a söyləyib ki, Musəvi iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində fəaliyyət göstərən, canfəşanlıq edən iranlı diplomatdır:
“Bunun səbəbi isə İran hakimiyyətinin son dörd ildə Azərbaycanla bağlı tutduğu mövqenin diplomatları çıxılmaz vəziyyətə salmasıdır. Ona görə də İranda diplomatik sahənin nümayəndələri əlaqələrin yaxşılaşdırılması yönündə fəailiyyət aparırlar. Əvvəllər İrana gələn xarici ölkələrin xanım rəsmiləri baş örtüklərinə əməl edirdilər. Amma son dövrlər həmin xanımlar öz ölkələrində olduğu kimi geyimlər geyinirlər. Eyni zamanda digər ölkələrin İrandakı səfir xanım işciləri də hicabsız şəkillər paylaşır və müsahibələr verirlər. Abbas Musəviyə qarşı xanım jurnalistin geyminə görə təzyiqlərin edilməsi çox gülünc və yersizdir”.
Bu təzyiqlərin arxasında başqa məqsədlərin durduğunu deyən ekspert vurğulayıb ki, Seyid Musəvi müsahibə zamanı bəyan etdi ki, Azərbaycan Prezdenti İlham Əliyev və İran Prezdenti İbrahim rəisi Novrun bayramında Xudafərində görüşəcəkdi. Amma bu baş tutmadı:
“Görüşün ləğv edilmə səbəbi açıqlanmasa da, ciddi problemlərin olması istisna edilmir. Hesab edilir ki, NATO-nun Baş katibi Yens Stoltenberqin Bakıya səfəri İranı qıcıqlandırdığı üçün bu görüş baş tutmayıb. Həmçinin ehtimal etmək olar ki, Azərbaycan İranla səfir səviyyəsində diplomatik əlaqələr olmadığına görə İlham Əliyev bu görüşü məqbul saymayıb. Bu halı isə İran hakimiyyəti üçün rejimdaxili qüvvələr çox pis qarşılayıb və uğursuzluğa səbəb olaraq da Seyid Musəvini günahlandırıblar. Yəni düşünürlər ki, səfir müsahibədə görüşün keçirilməsi ilə bağlı sensasiyalı açıqlama verməsə idi, İran tərəfi məyusedici vəziyyətdə qalmazdı. Musəvi Azərbaycanla bağlı əlaqələrin bərpasında daha çox öz səlahiyyətlərindən geniş şəkildə istifadə edir. Bu da Tehran hakimiyyətində bəzi dairələrin xoşuna gəlmir”.