Aprelin 5-nə planlaşdırılan Ermənistan-AB-ABŞ görüşü Moskvada narahatlıq doğurur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Bu cür hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və AB nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyaya qarşıdır. Bunu elə açıq deyirlər”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, Ermənistan bütün dünyanın gözü qarşısında erməni xalqının köklü maraqlarına tamamilə zidd olan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir.
Zaxarovanın fikirlərinə münasibət bildirən tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Ümumiyyətlə, Ermənistanın son günlər atdığı bütün addımlar Moskvanı qıcıqlandırır:
“Əsasən də, Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxarılma qərarı haqqında Alen Simonyanın açıqlaması Rusiyada ciddi narazılığa səbəb olub. Mariya Zaxarova əvvəlki çıxışlarında Ermənistanı Ukraynanın aqibəti gözləyə bilər şəklində təhdid dolu fikir söyləmişdi. Bu da Ermənistanın Rusiyanın nəzarəti altına keçməsi üçün növbəti müharibənin başlamasını istisna etmir. Eyni zamanda Ermənistanın parçalanması və bölgə dövlətləri arasında bölünməsi baş tuta bilər. Digər tərəfdən Ukrayna savaşının başladığı ilk aylarda Vladimir Putinin Fransa ictimaiyyəti Rusiya ilə müharibəyə hazırdırmı? formasında çıxışı olmuşdu. Həmçinin Makrona müraciət edərək “siz ictimaiyyətinizdən Rusiya ilə müharibəyə hazırdımı?”,-sualını soruşmağı dilə gətirmişdi. Eyni suallar Ermənistan üçün də verilə bilər. Yəni Fransa Ermənistan tərəfindən Rusiya ilə savaş etməyə hazırdımı? Ermənistanın lobbisi və diasporası Fransanı Moskvaya qarşı müharibəyə cəlb etmək iqtidarında deyil. Ermənistanın Fransa ümidləri boş arzulardan ibarətdir. Ümumiyyətlə, Rusiya Ermənistanın Qərbyönümlü siyasətinə heç vaxt imkan verməyəcək”.