Ermənistan rusiyalı aparıcı Vladimir Solovyovun “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” müəllif proqramlarının ölkədə yayımını qadağan edib.
Bu barədə Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi məlumat yayıb.
Bu qərarın səbəbi kimi Ermənistan Televiziya və Radio Komissiyası tərəfindən son vaxtlar qeydə alınan daimi pozuntular göstərilir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli bildirib ki, son günlər muzdlu aparıcı, Moskva rəsmi dairələrinin və Ermənistan meyilli qüvvələrin danışan dili olan Solovyovun verilişlərilə bağlı müəyyən müzakirələr gedir:
"Bu müzakirələrə səbəb isə Solovyovun antiazərbaycan və antiermənistan mövqeyindən çıxış etməsidir. Hazırda Ermənistanda siyasi qüvvələr arasında yeni düşüncəli insanlar ortaya çıxıb. Onlar, Azərbaycanla Ermənistan qarşıdurmasının hardan qaynaqlandığını və bunun kimlərə sərf etdiyini çox gözəl anlayırlar. Ona görə də həmin qüvvələr düşünürlər ki, münaqişənin əsas katalizatoru Rusiyadır. Eyni zamanda iki xalqın bir-birilə toqquşdurulması Rusiyanın mövqeyidir. Bu səbəbdən də Ermənistan Yüksək Texnologiyalar Sanayesi Nazirliyi Solovyovun hər iki proqramının ölkədə yayımını ləğv edib. Bunu daimi pozuntular və texniki səbəblər baxımından izah etməyin əhəmiyyəti yoxdur. Uzun illər Ermənistanı müdafiə edən Solovyovun indi rəsmi İrəvan əleyhinə çıxış etməsi erməni siyasi qüvvələrini qane etmir”.
Q.Məhərrəmli vurğulayıb ki, məsələ ilə bağlı Ermənistan tərəfinin mövqeyi çox doğrudur:
“Belə muzdlu təbliğatçıların səsi duyulmasa, yaxşıdır. Hər iki tərəf bilməlidir ki, bu münaqişəni qızışdırmaq Rusiyanın məqsədidir. Ermənistanın getdikcə Qərbə meyillənməsi Rusiyadakı erməni diasporunun, Moskva və İrəvan arasında əlaqələri düzəltməyə çalışan Solovyov kimi şəxslərin maraqlarına tamamilə ziddir. Ümumiyyətlə bundan sonra Ermənistan ərazisində Rusiyanın heç bir televiziya və radio kanalının səsi eşidilməyəcək".