Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla bağlı müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi.
Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqda qınayıb.
Erməni ekspert Artur Ambartsumyan Bakıda həbsdə olan separatçı Araik Arutyunyanın müsahibəsinin yayımlanmaması barədə sensasion iddia səsləndirib.
Ambartsumyan bildirib ki, rəsmi İrəvan Araikin müsahibədəki etiraflarının beynəlxalq aləmə yayılmasından, Ermənistana problem yaratmasından ehtiyat edib və hansısa güzəştlərə gedib:
“Bunun əvəzində Bakıdan Araikin müsahibəsinin yayımlanmamasını xahiş edib”.
Qeyd edək ki, Artur Ambartsumyanın bu iddiası bəzi erməni eksperləri tərəfindən təkzin edilib.
Məsələ ilə bağlı AzTV-dən də açıqlama gəlib.
Telekanalın mətbuat katibi Rüfət Seyidov Modern.az-a açıqlamasında bildirib ki, əvvəlcə sözügedən müsahibənin martın 28-də yayımlanacağı anons edilsə də, sonradan həmin məlumat AzTV-nin sosial şəbəkə hesablarından silinib:
"Müsahibənin efirə getməsi tək bizdən asılı məsələ deyil. "Müsahibənin indi verilməsi nə qədər doğrudur" sualı ilə üzləşmişdik. Dünən biz müsahibənin axşam yayımlanacağı ilə bağlı anons da vermədik. Doğrudur, martın əvvəlində anons yaymışdıq. Daha sonra gördük ki, müsahibənin verilməsilə bağlı bəzi dəqiqləşmələrə ehtiyac var. Ona görə də həmin anonsları bütün sosial şəbəkə hesablarımızdan sildik ki, tamaşaçılarda çaşqınlıq yaranmasın. Dünən saytlarda və sosial şəbəkələrdə yayılan informasiyalar isə həmin martın əvvəlində gedən və silinmiş anonsa istinad idi. Sanki vətəndaşlarda asossiasiya yaranmışdı ki, martın 28-də müsahibə mütləq efirə gedəcək".
Bununla belə, Rüfət Seyidov müsahibənin efirə veriləcəyini də söyləyib:
"Müsahibə mütləq gedəcək. Lakin vaxt məlum deyil. Zaman bəlli olan kimi, müsahibənin gedəcəyi gün məlumat verəcəyik".
Məsələ ilə bağlı “sherg.az”a danışan "Ayna və Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, tamaşaçılar Arayik Artunyunyanın sıradan biri olmadığını anlamalıdırlar:
“Anlamaq lazımdır ki, AzTV dövlət televiziyasıdır. Siyasi və geosiyasi səbəblər ucbatından müsahibənin yayımlanması alınmaya bilər. Ona görə də insanların müsahibənin dünən verilməməsinə narazılıq etməsi düzgün deyil. Onsuz da narazı olan həmişə narazıdır. Arayiklə bağlı müsahibənin ictimaiyyətə təqdim edilməməsi AzTV və onun işçilərindən asılı deyil”.
E.Şıxlı erməni ekspert Artur Ambartsumyanın fikirlərinə də münasibət bildirib:
“Ermənistan gündə özündən bir fikir çıxardır. Ermənistan tərəfinin verdiyi açıqlamaların mütləq əksəriyyətinə inanmıram”.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov isə söyləyib ki, Arayik Artunyunyanın müsahibəsində Rusiya, Fransa və digər ölkələrlə bağlı sirləri açıqladığını ehtimal edir:
“Eyni zamanda o müəyyən şəxslərin adlarını da verə bilər. Azərbaycan tərəfi müsahibənin anonsunu etdikdən sonra həmin ölkələrdəki insanlar narahat olmağa başlayıblar. Özləri ilə bağlı Arayik tərəfindən məlumatların verilib-verilməməsini fikirləşirlər. Azərbaycan torpaqlarında işğal siyasətini dəstəkləyən şəxslər ilə sanki ticarət aparılıb. Yəni Azərbaycan həmin şəxslərin qarşısına şərt qoyub ki, Arayikin onlarla bağlı söylədiklərinin yayımlanmasını istəmirlərsə, müəyyən şərtləri yerinə yetirməlidirlər. Arayikin Fransa, Amerika və orada yaşayan yerli insanların seperatist qüvvələri dəstəklədiyi ilə bağlı məlumatları da Azərbaycana verdiyini düşünürəm”.