Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Məsələ ilə bağlı “Sherg.az”a danışan politoloq Turan Rzayev bildirib ki, bu təxribat gözlənilən hal idi:
“Son zamanlar şərti sərhədin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunurdu. Ermənistan bunun hərbi təlimlər məqsədi ilə həyata keçirildiyini iddia etsə də, şərti dövlət sərhədində hərbi insidentin baş verməsi güman edilirdi. Cənubi Qafqazdakı siyasi vəziyyət regionda marağı olan gücləri narahat edir. Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü də buna hesablanıb. Görüşün keçirilməsinə bir neçə gün qalmış Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Bu bir daha onu deməyə əsas verir ki, Aİ, ABŞ və Ermənistan arasında Brüssel görüşü fərqli motivdə təqdim edilsə də, reallıqda hərbi pakt imzalanacaq. Bu paktın imzalanmasını arqumentləşdirmək üçün isə hazırda regionda gərginlik atmosferi yaradılır. Qərb faktiki olaraq Ermənistanı öz tərəfində, Azərbaycanı isə Rusiyanın yanında göstərməyə çalışır. Görünür, Qərb bu təəssüratı yaradıb Bakıya təzyiq istəklərinə nail olmaq istəyir”.