“Brüsseldə baş tutacaq Antoni Blinken, Fon der Lyayen, Paşinyan danışıqları ətrafında ajiotaj yüksək həddədir. ABŞ dövlət katibi Entoni Blinken görüş ərəfəsi aprelin 2-də Parisdə Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne ilə görüşüb. Fransa Avropa İttifaqının əsas oyunçularından biri olduğundan Sejurnenin Blinkenlə birgə mətbuat konfransında söylədiyi fikirlər müəyyən mənada Brüssel görüşünün xarakter və hədəfələri haqda Azərbaycanda haqlı narahatlıq yaratmışdı. Üstəlik, görüş haqda məlumatların qeyri şəffaf olması, hədəfləri haqda Qərb KİV-lərində verilən məlumatlar da antiazərbaycan notlarla zəngin idi”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Cəmaləddin Quliyev aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinken və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin telefon danışığını şərh edərkən deyib.
O bildirib ki, Parisdə Sejurne və Blinken Ermənistanın ərazi bütövlüyünə dəstəklərini ifadə edib və fransız nazir Azərbaycanı Ermənistanı təhdid etməkdə günahlandırıb:
“Hətta o daha irəli gedərək Azərbaycanın Ermənistanın hərbi fəallığı artırmasına reaksiyasını “Bakının təbliğatı daha çox Rusiyanın Ukraynaya qarşı təbliğatı ilə üst-üstə düşür” kimi dəyərləndirdi. Heç kimə sirr deyil ki, bu ilin mart ayında Vaşinqtonda Blinkenin türkiyəli həmkarı Hakan Fidanla apardığı strateji Amerika, Türkiyə danışıqları Ankaranın Cənubi Qafqazdakı aparıcı rolunun təsdiqlənməsi kimi qəbul olunurdu və Azərbaycanı qane edəcək bir proses idi. Lakin bundan sonra Parisin regionda öz maraqlarını daha fəal, həm də antiazərbaycan, antitürkiyə yanaşması şəklində icra etməyə çalışdığının şahidi olduq”.
Ekspert qeyd edib ki, Yelisey sarayının birbaşa tezisləri ilə “Le Fiqaro” kimi nəşrlərdə sülh tərəfdarı kimi çıxış edən Nikol Paşinyan tarixin zibillyinə atılmış “dqr” dövlət başçısı kimi təqdim olunurdu:
“Paşiyanın xarici dövlətlərin Ermənsitanda separatçıları fəallaşdırmaq təşəbbüsləri haqda xəbərdarlığı da oldu. Azərbaycan üçün ABŞ-nin, Blinken ofisinin martda Hakan Fidanla görüşdə sərgilənmiş mövqedə, yoxsa dünən Parisdə Sejurne ilə mətbuat konfransında müşahidə olunan mövqedə dayandığını dəqiqləşdirmək vacib idi. Bu baxımdan Blinkenin Azərbaycanın narahatlıqlarına anlayışlı reaksiya verməsi, izahat vermək zərurəti hiss etməsi təqdir olunası haldır. Lakin sözügedən görüşün əsas mahiyyəti dövlət katibinin ifadə etdiyi kimi Ermənistanın iqtisadi inkişafı məsələləri ilə bağlıdırsa, görüş zamanı səslənəcək bəyanatlar məhz bu istiqamətdə olmalıdır. Yan hədəflər göstərilməməli, Azərbaycanın ünvanına yersiz ittihamlar səslənməməlidir. Başqa sözlə, ABŞ Fransanın mövcud iqtidarının oyunlarına cəlb olunmuş kimi görünməməlidir. Əsk halda dövlət başçımızın bildirdiyi kimi, üçtərəfli görüşün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq”.