“Araik Arutyunyanın AzTV-yə açıqlamasında elə həqiqətlər, etiraflar, ifşalar var ki!
Sentyabrda antiterror əməliyyatından sonra separatçı rejimin arxivləri nəzarətimizə keçib. Paşinyanı "demokrat", Rus əsgərinə qarşı "mücahid" adlandıran bəzi soydaşlarımız, jurnaıistlərimiz bunları bir bilsələr... Gəncənin, Bərdənin, Mingəçevirin raketlərlə vurulması əmri kimə məxsusdur sualına Araik "mən kiməm ki, belə əmri verim" deyə cavab verib”
Bu sözləri TV Musavatda Sevinc Telmanqızının “Canlı debat” layihəsinə açıqlamasında
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Natiq Miri söyləyib ki, arxivlərin Azərbaycanın əlinə keçməsi ilə bağlı konkret informasiyalar var, amma hamısının keçib-keçməsi ilə əlaqədar suallar da mövcuddur:
“Çünki qondarma rejim özünü buraxmamışdan öncə müəyyən arxiv sənədlərinin yandırılması haqqında məlumatlar və videolar paylaşılmışdı. Arxiv sənədlərini hara qədər yox edə bildiklərini isə, ancaq Xüsusi Xidmət Orqanlarına bəllidir.Ümumiyyətlə Arayik Artunyunyan canlı arxivdir. Arayik Azərbaycan xalqına qarşı törədilən müharibə cinayətlərinin bilavasitə iştirakçısı və idarəedicisidir. Arayik isə proseslərə sadəcə alət olduğunu deyir. Amma yüz milyonlarla dollar Ermənistandan Arayik kimilərin sərancamına verilib. Bu vəsaitin hansı cinayətlər üçün xərcləndiyini isə Arayik kimi quldurlar bilir. Eyni zamanda bu canlı arxivin dedikləri ən ciddi hüquqi sənəd sayılar. 30 ilə yaxın Azərbaycana qarşı törədilmiş soyqırm təkcə insanlığa qarşı deyil, həm də tarixi-mədəni abidələrə və bütün infrastruktura qarşı törədilmiş müharibə cinayətidir. Bu isə Beynəlxalq Cinayət Məhkəməsində Ermənistan və keçmiş qondarma rejimə qarşı hüquqi məsələ qaldırmağmıza əsas verir”.