Baş nazir Nikol Paşinyan Brüsseldə ABŞ və AB rəsmiləri ilə görüşərkən Ermənistan-Azərbaycan sərhəddində atışma qeydə alınırdı. Halbuki Paşinyan Brüsselə yollanmadan əvvəl müdafiə nazirinə bununla bağlı xəbərdarlıq etməliydi.
Bu barədə politoloq Elxan Şahinoğlu öz feysbuk hesabında qeyd edib.
O bildirib ki, əgər belə bir xəbərdarlığa rəğmən, erməni ordusu Azərbaycan ərazisini atəşə tutubsa, demək, Ermənistanda Paşinyana quyu qazmaq istəyənlər var:
“İkinci Qarabağ müharibəsi də belə başlamışdı. İndi bu təxribatlara cavab olaraq Azərbaycan Ordusu Qazaxa bitişik 4 kəndə daxil olarsa, Belçika paytaxtında Paşinyana müxtəlif dəstək vədləri verənlər nə edəcəklər? Vaşinqton və Brüssel Paşinyana maliyyə ayıracaqlarını vəd ediblər, daha deməyiblər ki, Ermənistan ordusunun təxribatına cavab olaraq Azərbaycan Ordusunun 4 kəndə daxil olmasını əngəlləyəcəklər”.
Ermənistanın növbəti təxribatını “Sherg.az”a dəyərləndirən tanınmış jurnalist, politoloq Fuad Abbasov söyləyib ki, sərhəddə baş verən təxribatların Ermənistan hakimiyyətinin nəzarəti altında olduğunu düşünmək yanlışdır:
“Ermənistan ordusu tamamilə Rusiyaya bağlı şəkildə tərtib olunub. Paşinyan hakimiyyətə gəldiyi ilk illərdə rusyönümlü müdafiə naziri Arşak Karapetyanı Rusiya ilə hərbi əməkdaşlıq etmək üçün orduya gətirmişdi. Yəni, atəşkəsin pozulmasında Rusiyanın əlinin olma ehtimalı var. Paşinyanın bir tərəfdən Brüsseldə qrant layihələrini müzakirə etməsi, digər tərəfdən sərhəddə atəşkəsi pozması ağlabatan deyil. Ona görə də bu təxribatı çox güman başqa qüvvə həyata keçirib. Azərbaycan, Ermənistan sərhəddində keçmiş fransız jandarmlarından ibarət dırnaqarası müşahidəçilər da mövcuddur. Yəni həmin şəxslərdən də bu təxribatı gözləmək olar. Ermənistan bilə-bilə özünə quyu qazır. Paşinyan hakimiyyəti Azərbaycanın həmin təxribatlar qarşısında necə cavab verəcəyini yaxşı bilir. Bu cavabların nəticəsində Ermənistan keçmiş zamanda əldə etdiyi Azərbaycan torpaqlarını da itirə bilər”.