Hazırda dünya gündəmində əsas yeri məhz İsrail-İran qarşıdurması tutur.
İranın İsrailə hava hücumu bir daha göstərdi ki, Yaxın Şərq regionu min ildən artıqdır dünya güclərinin maraqlarının toqquşduğu əsas məkandır. Həmçinin İranın İsrailə hücumu regionda sponsorluq edən dövlətlərin qarşısında böyük güc olduğunu təsdiqləmək idi. Digər tərəfdən rəsmi Tehranın İsraillə müharibə xofu yaratmaqla ölkə ictimaiyyətinə, etirazçılara təzyiqi artıracağı istisna olunmur. Bu isə rejimin gələcəyi ilə bağlı yaxşı heç nə vəd etmir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili bildirib ki, Tehran hakimiyyəti ilə İranda yaşayan xalqların mövqeyi eyni deyil:
"İllərdir İranda yaşayan xalqlar Tehran rejiminə qarşı çıxışlar edirıər. Həmin şəxslər edam cəzasına məhkum edilsələr də, etiraz çıxışlarını davam etdirməkdən çəkinmirlər. Tehran rejiminin aqressiv siyasətinə və fərqli bölgələrdə proksi qüvvələri yetişdirməsinə xalq qarşıdır. İnsanların israil, İran və Amerikanın ideoloji savaşları ilə işi yoxdur. Sadəcə olaraq xalqın aclıq, demokratiya və insan haqqları savaşı mövcuddur. İran apardığı hücumlarla xalqı yox sayaraq müharibəyə başlaması çox pis vəziyyətdir”.
Ekspert bildirib ki, bu hücumlar intensiv hal almayacaq:
“İran və İsrail bir-birlərinə xəbardarlıq etməklə kifayətlənəcəklər. Çünki bölgədə olan ölkələr yeni böhran istəmir. İran isə regiona yaşatdığı gərginliklə ölkə daxilində yaratdığı böhranı ört-basdır etməyə çalışır. Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının (CAMAH) savaşı müstəqil və mədənidir. Eyni zamanda heç bir ölkə və gücdən asılı deyil. Bizim öz dövlətimiz Şimali Azərbaycandır. Qardaş dövlətimiz isə Türkiyədir. Digər ölkələr öz maraqlarına uyğun hərəkət edirlər. Proksi qüvvələri dəstəkləyən, Ermənistana yardım edən və öz xalqının ehtiyaclarına biganə qalan Tehran rejiminin zəifləməsi CAMAH-ın xeyrinədir”.