Deputat: COP29-un Azərbaycanda keçirilməsi qarşıya qoyulan məqsədlər üçün böyük töhfələr verəcək

“COP29 çox geniş bir platformadır. Bu tədbirin Bakıda keçirilməsi birinci növbədə Azərbaycanın siyasi və iqtisadi nüfuzunun göstəricisidir. Azərbaycan daim iqlim dəyişikliyinə, ekoloji problemlərə çox böyük əhəmiyyət verib.  Eyni zamanda COP29-da müzakirə olunacaq məsələlər də iqlim dəyişikliyinə, ekoloji problemlərin aradan qaldırılmasına yönəldilmiş qlobal addımlardır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Aydın Hüseynov COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizə olan faydalarından danışarkən deyib. 
Millət vəkili söyləyib ki, Azərbaycan yaxın illərdə böyük yaşıl və alternativ enerji ixrac edən ölkələr sırasına daxil olacaq:

“Bununla əlaqədar mühüm layihələr mövcuddur. Azərbaycan zaman-zaman yaşıl enerjiyə keçidlə və ətraf mühitin qorunması ilə bağlı dövlət səviyyəsində tədbirlər həyata keçirib. Bu gün Azərbaycan həm külək, həm də elektrik və günəş enerjisinin alınması ilə bağlı konkret addımlar atıb. Həmçinin Birləşmiş Ərəb Əmirliyinin iştirakı ilə Qaradağ rayonunda 230 meqavat gücünə malik olan günəş enerjisi istehsal edəcək bir sahə yaradılıb. Eyni zamanda, bizim bölgələrimizdə, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda külək və günəş enerjisi ilə bağlı layihələrimiz reallaşacaq. Bütövlükdə COP29 tədbirinin Azərbaycanda keçirilməsi qarşıya qoyulan məqsədlər üçün böyük töhfələr verəcək. Eyni zamanda bu sahədə Azərbaycanın müəyyən töhfələri olacaq”.