Deputat: İlham Əliyev hər şeyi zərgər dəqiqliyi ilə fikirləşir və həll edir

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan milli məclisin deputatı Tahir Rzayev bildirib ki, 44 günlük müharibədə qazanılan qələbə, lokal xarakterli antiterror tədbirləri və Qazaxın 4 kəndinin qaytarılması barədə razılığa gəlinməsi Cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin bəhrəsidir:
“Ölkə rəhbəri dəfələrlə bəyan edib ki, “ hər şeyin öz vaxtı var və nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Bundan sonra baş verən proseslər göstərdi ki, İlham Əliyev hər şeyi zərgər dəqiqliyi ilə fikirləşir və həll edir. Əlbəttə, bunların hamısı Cənab Prezidentin siyasi iradəsinin qələbəsidir. Eyni zamanda, xalqımızın müdrikliyinin və ordumuzun gücünün nəticəsidir. Əgər biz güclü orduya malik olmasaydıq, düşmənə qalib gələ bilməzdik. Xalqımız isə təmkinlə, bu,  məşəqqətlərə uzun illər səbr göstərdi. Başqa xalq olsaydı, silahlanardı və sərhəddə təxribatlara yol verilərək planlar pozulardı. Amma İlham Əliyevin bütün sözləri hər kəs üçün bir qərar oldu. Antiterror tədbirlərindən sonra həmin kəndləri 1 saatın içində azad edə bilərdik. Ali Baş Komandan isə dedi ki, ”Hər şeyin öz vaxtı var, onlar, vaxt gələcək kəndləri könüllü təhvil verəcəklər”. Biz belə Cənab Prezidentimiz, ordumuz və xalqımız olduğu üçün qürür duyuruq. Ona görə də bu münasibətlə hə kəsi təbrik edirəm”.

Deputat qeyd edib ki, Qazaxın 4 kəndinin azad edilməsi Şərqi Zəngəzura gedişi asanlaşdıran amil və sülh müqaviləsinə dəstəkdir:
“Ermənilər, artıq başa düşürlər ki, yaşadıqları ərazidə qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmadan irəli getmək olmaz. Çünki Paşinyanın siyasəti düzgün deyil. Paşinyan hakimiyyətinin qonşuluğunda olan heç bir ölkə ilə sağlam münasibəti yoxdur. Ermənilər yavaş-yavaş Qərbə, Avropa arxalanmağın yersiz olduğunu anlayırlar. Düşünürəm ki, tez bir zamanda sülh müqaviləsi imzalanacaq, Zəngəzur dəhlizi açılacaq. İki ölkə xalqları arasında münasibətlərin yaxşılaşması dünya üçün də vacibdir”.