Ermənistan mediasında Qazaxın işğal altında olan kəndlərindən dördünün (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılmasından sonra sərhəddəki dəyişikliyə dair xəritə dərc edilib.
Publika.az xəbər verir ki, erməni mediası sərhədin bu istiqamətində delimitasiya prosesi başa çatdıqdan sonra xəritənin dəyişəcəyini və Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyini yazır.
Erməni şərhçi yazır ki, mayın 20-dən sonra Gürcüstana Azərbaycan vasitəsilə gedəcəyik.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Ermənistan Qazaxın kəndlərini işğal etdikdən sonra Azərbaycanın Gürcüstanla kommunikasiya xəttləri dağılmışdı:
“Ermənilər düşünürdülər ki, həmin kəndlər əbədi olaraq işğal altında qalacaq. Amma biz 30 il sonra gücləndik və torpaqlarımızı geri qaytardıq. Eyni zamanda, Qazaxın kəndləri məsələsini də gündəmə gətirdik. Ermənistan hakimiyyəti isə məcbur qalaraq həmin kəndləri Azərbaycana qaytarmalı oldu. Çünki onların başqa alternativi yox idi. Düzdür, yollarda radikallar əngəl törədərək kəndlərin qaytarılmasına etiraz edirlər. Amma Paşinyan anlayır ki, bu proses sürətlə sonluğa çatmalıdır. Radikallar İkinci Qarabağ mübaribəsindən sonra Paşinyanı devirmək və Qarabağı geri qaytarmaqla bağlı vədlər vermişdilər. Amma heç nə baş tutmadı. Ona görə indi də radikalların etirazları heç bir nəticə verməyəcək. Ermənistan nəqliyyat vasitələri üçün alternativ yollardan istifadə etməlidir. Amma sərhədlər müəyyənləşirsə, sülh danışıqları sürətlənirsə, yekun nəticədə sülh sazişi imzalana bilər. Müharibə ehtimalının aradan qalxarsa, Ermənistanı Gürcüstanla bağlayan yollarla əlaqədar heç bir təhlükə olmayacaq”.
Qeyd edək ki, 4 kəndin qaytarılmasından sonra sərhədin Tavuş istiqamətində başlanan delimitasiyanın 20 maya qədər tamamlanması gözlənilir.