Azərbaycan Çin üçün regionda ən mühüm dövlətdir -ŞƏRH

Çin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə çox maraqlıdır
Bunu Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao Bakıda keçirilən "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda konfrans mövzusunda konfransdakı çıxışı zamanı bildirib.
O deyib ki, ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün çoxsaylı fürsətlər mövcuddur:
"Bu konfrans Asiyada qarşılıqlı fəaliyyət, beynəlxalq ədalətin təminatı və digər məsələlər baxımından çox önəmlidir. Əməkdaşlığımızın genişləndirilməsində rəsmi Pekin və Si Cinpin də çox maraqlıdır. Biz həm "Bir kəmər, bir yol", həm də alternativ enerji sahəsində əməkdaşlıq edirik. Ölkələrimiz ikitərəfli ticarəti də stimullaşdırır. 2023-cü ildə qarşılıqlı ticarətin həcmi 43 faiz artıb. Azərbaycandan bir çox tələbə məhz Çində təhsil almağa üstünlük verir. İki ölkə arasında ticarət sahəsində əməkdaşlıq imkanları genişlənməkdədir. Yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evlərinin açılması gözlənilir".

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki, Azərbaycan və Çinin ticarət mübadiləsi 3 milyard dolları aşıb:

"Nəzərə almalıyıq ki, Azərbaycanın Çinlə ticarət mübadiləsinin ümumi həcmi Ermənistan və Gürcüstanınkından 2 dəfə çoxdur. Bu da Çin üçün Azərbaycanın regionda ən mühüm dövlət olduğunu göstərir. İki ölkə arasında münasibətlər getdikcə inkişaf edir, yeni layihələr həyata keçirilir, xüsusilə də bərpa olunan enerji sahəsində. Həmçinin bu inkişafı nəqliyyat logistika və yüksək texnologiyalar sahəsində də görmək olar. Keçirilən tədbirin əhəmiyyətinə gəldikdə isə bu əlaqələrin inkişafı üçün mühüm tədbirdir. Bu konfrans Asiyada qarşılıqlı fəaliyyət, yeni layihələr və digər məsələlər baxımından olduqca mühümdür. Konfrans həm də Azərbaycan ekspert icmasının, jurnalistlərin, ictimaiyyətin Çini yaxşı tanınması üçün əhəmiyyət kəsb edir".