İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq.
Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.
Dövlət başçısı bildirib: “Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin ekskavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov söyləyib ki, Qazaxın anklav olmayan 4 kəndinin geri qaytarılmasını yüksək dəyərləndirir:
“Həmin kəndlər gec-tez Azərbaycana qaytarılmalı idi. Bir neçə ay öncə bildirmişdim ki, kəndlərin Azərbayacana qaytarılması ilə bağlı heç bir şübhəm yoxdur. Digər 4 kəndin qaytarılması da danışıqların mövzusu olmalıdır. Eyni zamanda, kəndlərlə bağlı təhlükəsizlik məsələləri həll edilmədir. Çünki kəndlərin ətrafındakı ərazilərin hamısı Ermənistan torpaqlarıdır. Axı hər sərhəddin yanına bir hərbiçi qoymaq mümkün olmayacaq. Qazaxda ilk sərhəd dirəyinin quraşdırılması proseslərin başlanması deməkdir. Çox yaxşı oldu ki, bu məsələlərin həlli birbaşa danışıqlar yoluyla həll edildi. Eynilə sülh sazişi də birbaşa danışıqlar formatında həllini tapmalıdır. Çünki üçüncü qüvvələr danışıqlarda olan zaman öz milli maraqlarını güdürlər”.
Qeyd edək ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.