Başqa variant yoxdur: Azərbaycanı Naxçıvanla birləşdirəcək quru yol açılmalıdır 


Prezident İlham Əliyev COP29-la bağlı tədbirdə vurğuladı ki, Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır. Dövlət başçısı Zəngəzur dəhlizi məsələinin 2020-cu il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda aydın şəkildə əks olunduğunu söyləyib:

  “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı, əslində, pozur. İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin, bu, mümkün deyil. Bu cür münasibət, təbii ki, çox məyus edir”. Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan tez-tez "üçtərəfli bəyanatda "Zəngəzur dəhlizi" ifadəsinin keçmədiyini vurğulayırdı. Amma dövlət başçısının da bəyan etdiyi kimi üçtərəfli bəyanatda konkret "Zəngəzur dəhlizi" sözünün yer almaması ümumiyyətlə dəhlizin olmaması anlamına gəlmir. Ümumən, vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Nəzərdə tutulan kommunikasiyalar açılandan sonra, Qafqazın iqtisadi mənzərəsinin və geosiyasi konfiqurasiyanın dəyişəcəyi barədə istər regional, istərsə də bölgədə marağı olan Qərb və ərəb dövlətlərində, həmçinin və Çin KİV-lərində çoxsaylı yazılar dərc olunur. Bu dəhlizin açılması regional və beynəlxalq yükdaşımalarda əsas halqa statusunu qazanacaq. Azərbaycan rəhbərliyi dəhlizin açılması ilə bağlı istənilən əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə bəyan edib. Vurğulanıb ki, Azərbaycan tərəfi Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir. Təbii ki, Ermənistan da regional əməkdaşlıqda və münasibətlərin normallaşmasında maraqlıdırsa, ilk növbədə Zəngəzur dəhlizinin açılması istiqamətində üzərinə düşəni etməlidir. Bu məsələyə əngəl törətməməlidir. 

Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, cənab Prezident ADA-da keçirilən beynəlxalq forumda bir çox mühüm məsələyə toxundu və öz fikirlərini açıq bəyan etdi. Deputatın sözlərinə görə, dövlət başçısının da qeyd etdiyi kimi Ermənistan bir çox məsələyə fərqli mövqedən yanaşaraq, proseslərə mane olmağa çalışır:

 "Lakin İrəvanın pozucu yanaşmasının heç bir nəticəsi olmayacaq. 10 noyabr 2020-ci ildə üç dövlət tərəfindən imzalanmış bəyanatda aydın formada qeyd olunub ki, Azərbaycanı Naxçıvanla birləşdirən yol məsələsi həllini mütləq tapmalıdır. Azərbaycanın tam haqqıdır ki, məsələnin həlli istiqamətində çalışsın və buna nail olsun. Başqa variant yoxdur və Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək quru yolunu açmalıdır. Əks təqdirdə İrəvanın mövqeyinə Azərbaycanın reaksiyası birmənalı olmayacaq. Bizə lazımdır ki, Zəngəzur dəhlizi açılsın. Çünki olduqca aktual, strateji və prioritet məsələdir. Eyni zamanda Zəngəzur dəhlizi fəaliyyətə başlamazsa, Ermənistanla Azərbaycan və Türkiyənin münasibətlərinin normallaşmasından da söhbət gedə bilməz. Ümid edirik, İrəvan hökuməti ən qısa zamanda Naxçıvana quru qolunun açılmasına şərait yaradacaq".