Gedişat COP29-a qədər çərçivə sazişinin imzalana biləcəyini göstərir -TƏHLİL

COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
Dövlət başçısı əlavə edib ki, baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar.
“Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır”, - Prezident diqqətə çatdırıb.

Politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, Azərbaycan Ermənistan arasında yeni sərhəd dirəklərinin qurulması tərəflər arasındakı münasibətlərin irəlləyişinin göstəricisidir:

"Məsələ burasındadır ki, Ermənistana xarici qüvvələrin təsiri çoxdur. Rəsmi İrəvan bəzən bu qüvvələrin təsiri altına düşərək sülh proseslərini mürəkkəbləşdirir. Prezidentin çıxışı bizə artıq tərəflər aralarında müəyyən qədər razılığa gəlindiyini göstərir. Qazaxın 4 kəndinin qaytarılması, delimitasiya və demarkasiya prosesslərinin davam etdirilməsi də bunun sübutudur. Lakin hələ də iki dövlət arasında həll olunmağı gözləyən məsələlər var. Düşünürəm ki, tərəflər çərçivə sazişi imzalayaraq aralarında baza prinsipləri üzrə razılığa gələ bilərlər. Ermənistan konstitusiyasının dəyişdirilməsi, sərhədlərin tam müəyyənləşdirilməsi kimi detallar isə çərçivə sazişindən sonrakı proseslərdir. Gedişat COP29-a qədər çərçivə sazişinin imzalana biləcəyini göstərir".

Yusif Məmmədxanlı