Fransa səfiri Azərbaycana qayıdıb.
Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir.
Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda aprelin 16-da məsləhətləşmələr üçün geri çağırılmışdı. Fransa XİN-in yaydığı bəyanatda qeyd olunmuşdu ki, xanım diplomatı Fransa Prezidenti Emmanuel Makron qəbul edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, Fransanın Azərbaycandakı səfirininin Bakı və Paris arasında genişlənən münasibətlər fonunda məsləhətləşmələr üçün geri çağırılması Azərbaycanın qlobal miqyasda Fransanı sirkələməsindən xəbər verir:
“Fransa Qarağab münaqişə dövründə, 44 günlük Vətən savaşı ərəfəsində və bundan sonra daim Azərbaycana qarşı haqsız hücumlar edib. Həmin hücumların cavabı isə Azərbaycan tərəfindən həmişə layiqincə qaytarılıb. Artıq vəziyyət o həddə çatmışdı ki, Azərbaycanın özü də Fransaya yerini göstərmək üçün hücumlar təşkil etməli oldu. Nəticədə isə Fransanın müstəmləkəçilik siyasəti qlobal səviyyədə diqqət mərkəzinə gətirildi. İstər Afrikada, istərsə də daha uzaq ərazilərdə Fransanın törətdiyi soyqırımlar dünyanın diqqətinə çatdırıldı. Yəni Azərbaycan dövləti məcburiyyət qarşısında Fransanın “burnunu ovmalı” oldu. Ona görə də Fransa Azərbaycandakı səfirini geri çağıraraq məsləhətləşmələrə zərurət duydu”.
Ekspert qeyd edib ki, əgər Fransa ağıllanıbsa, bundan sonra Azərbaycanla “çilingağac” oynamağı dayandırmalıdır:
"Bir sıra Afrika ölkələri Fransa hərbi qüvvələrini öz ərazilərindən çıxardılar. Azərbaycanı balaca dövlət olaraq görüb, onun üstünə gələn hər kəs, o cümlədən Fransa yanılacaq. Ona görə də Fransa, Ermənistan-Azərbaycan münasibətlərində tərəfsizlik nümayiş etdirməlidir. Eyni zamanda, Fransa sülhə töhvə vermək istəyirsə, Qazaxıstan, Qırğısıztan, Özbəkistan kimi, Azərbaycanın işğaldan azad olunan ərazilərində məktəb tikməklə bağlı təşəbbüs irəli sürməlidir. Buna icazə verib-verməməyi isə Azərbaycan dövləti qərarlaşdıracaq”.