“Minalar həyatın müxtəlif sahələri üçün təhdid yaradır, insanlar onun ağır nəticələri ilə üzləşir”.
Bunu Bakıda səfərdə olan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktoru Gert Jan Koopman “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” adlı tədbirində deyib.
Avropa Komissiyasının rəsmisi deyib ki, Aİ-yə üzv olan 10 dövlət bu gün elan edilən təşəbbüsə töhfə verir və buna qoşulanların sayı artacaq.
O qeyd edib ki, 2020-ci ildən bəri bu təşəbbüs çərçivəsində 8 milyon avro ayrılıb, əlavə olaraq isə bu gün daha 2 milyon avro ayrılır və gələcəkdə bu rəqəmin 13 milyon avroya çatdırılması planlaşdırılır: “Bu təşəbbüs mina qurbanlarına dəstək, minalarla bağlı maarifləndirmə, minaların təmizlənməsi prosesini əhatə edəcək.
Biz bu təşəbbüsü daha da irəli aparmağı planlaşdırırıq. Minalar münaqişənin faciəli irslərindən biridir və onun həlli həmrəylik tələb edir”.
Mövzu ilə bağlı “Sherg.az”a danışan hərbi ekspert Emil Həsənli bildirib ki, beynəlxalq təşkilatları təmsil edən şəxslərin tədbirlərdə bu cür çıxışları təəssüf doğurur:
“Onlar konfranslarda insan hüquqlarından, insanların təhlükəsizliyindən və silahlar əleyhinə fikirlər səsləndirirlər. Amma həmin nümayəndələr reallığa gəldikdə isə yetərincə addımlar atmırlar. Hətta bəzən bununla bağlı heç bir iş görmürlər. 44 günlük Vətən müharibəsindən sonra ərazilərimizin minalardan təmizlənmə prosesinə Avropa və Qərbin yanaşması müsbət olmadı. Avropa Birliyi mina ilə bağlı Almaniyaya olan yardımın heç 1/100 (yüzdə birini) bizə etmədi. Əgər həmin qurumlar insanların təhlükəsiz yaşamasını istəyirdilərsə, vaxtında Azərbaycan torpaqlarının işğal altında qalmasına razı olmazdılar. Eyni zamanda, Ermənistanı işğalçı kimi tanıyaraq sanksiyalar tətbiq edərdilər. Əksinə olaraq işğalçı dövlətə dəstək oldular və Ermənistanın ayaqda qalması üçün hər cür yardımı göstərdilər. Buna görə də Azərbaycan xalqı belə çıxışlarının səmimiyyətinə inanmır. Azərbaycan öz gücünə torpaqlarını azat etdi və beynəlxalq hüquqi tənzimlədi. İndi isə işğaldan azad olan torpaqlarının minadan təmizlənməsi və Qarabağda quruculuq işləri prosesinə Azərbaycan dövləti öz gücünə həyata keçirir. Sözügedən beynəlxalq təşkilatların maddi və texniki imkanları çox böyükdür. Əgər onlar, zamanında Azərbaycana dəstək olsalar idi, mina qurbanlarının sayı az olardı”.