Vladimir Zelenskinin Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olduğunu elan etməsi Kremlin hazırda Ukrayna ilə hər hansı sülh danışıqlarının reallığına artıq arxalanmadığına işarədir.
Bu sözləri rusiyalı hərbi ekspert, “Mülki Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Ukrayna Silahlı Qüvvələrinə Amerikanın uzaqmənzilli ATACMS raketlərinin və Anqlo-Britaniya “Storm Shadow” qanadlı raketlərinin yeni partiyalarının tədarükünü nəzərə alsaq, qarşıda genişmiqyaslı eskalasiya var: Kiyev bu il mayın ilk ongünlüyündə mümkün terror aktlarına başlaya bilər”, - ekspert vurğulayıb.
Xatırladaq ki, Moskvada 7 mayda Rusiya lideri Putinin andiçmə mərasimi, 8 mayda Aİİ-nin 10 illik yubileyi keçiriləcək, 9 mayda isə Qələbə Günü qeyd ediləcək. Bu tarixlərdə Ukraynanın hücumu gözlənilir.
Rusiyalı hərbi ekspertin fikirlərini şərh edən tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Ukraynanın atdığı addımlar Rusiyaya qalib gəlmək üçün deyil, sadəcə propaqanda məqsədi daşıyır:
“Yəni Ukraynanın nüvə silahına sahib olan Rusiyaya qalib gəlməsi və onun qarşısında güc göstərməsi qeyri-mümkündür. Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilərək məsuliyyətə cəlb edilməsi də mümkün deyil. Bu isə Rusiyanın piar olaraq atdığı addımdır. Çünki müharibənin ilk günlərindən Ukrayna Prezidenti Şimal qonşumuzla danışıqlara getməyi bütün Prezidentlərə qadağan edən qərar qəbul etmişdi. Rusiya isə həmişə bu məsələni əlində əsas göstərərək, Ukrayna ilə sülhün mümkünsüz olduğunu deyir. Ukrayna 7,8,9 may tarixlərində nəzarətdən çıxaraq təxribat xaraxterli addımları ilə Rusiyanı daha da qıcıqlandıra bilər. Rəsmi Moskvadan da buna qarşı ciddi reaksiyaların olma ehtimalı böyükdür. Amma Ukraynanın törədə biləcəyi terror aktları Rusiyaya heç bir şəkildə ziyan vura bilməz. Digər tərəfdən Amerika Prezident səviyyəsində Rusiyanın şəhərlərinə, enerji mənbələrinə hücum olunmasını Ukraynaya qadağan etmişdi. Amerika göndərdiyi silahlar ilə Rusiyanın dinc əhalisinə qarşı atəşin açılmasını istəmir. Belə olan halda isə Ukraynanın gələcəkdə Şimal qonşumuza qarşı atdığı addımlara Amerika da qarşı çıxa bilər”.