İsrailin baş naziri Binyamin Netanyahu və digər İsrail hökumət rəsmiləri haqqında həbs qərarı çıxaracağı şayiələri ilə gündəmə gələn 12 amerikalı senatorun Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) yazdığı məktub üzə çıxıb.
Məktubda məhkəmə rəsmilərinə açıq təhdidlər var.
Senatorlar BCM-ə məktub göndərərək, məhkəməni və onun əməkdaşlarını sanksiyalarla hədələyiblər.
Məhkəmənin apardığı istintaqın müttəfiqlərə qarşı siyasi hücum olduğunu iddia edən ABŞ Konqresinin üzvləri, hesabatda nəzərdə tutulan addımlar atılacağı təqdirdə, hətta məhkəmə üzvlərinin ailələrinə də zərər verəcəklərini bildiriblər:
“Əgər hesabatda qeyd olunan tədbirləri görsəniz, Amerikanın BCM-yə bütün dəstəyini dayandıracağıq. İşçilərinizə və tərəfdaşlarınıza sanksiya tətbiq edəcəyik. Sizin və ailənizin Birləşmiş Ştatlara girişini qadağan edəcəyik”.
Məhkəmənin Netanyahu haqqında həbs qərarı çıxarması xəbərinin mətbuatda yer almasından sonra məsələyə münasibət bildirən Ağ Ev istintaqı dəstəkləmədiklərini bildirib. İddia edilib ki, BCM-nin İsrail və Netanyahunu mühakimə etmək səlahiyyəti yoxdur.
Amerika senatorlarının Beynəlxalq Cinayət Məhkəməsini açıq şəkildə təhdid etməsini beynəlxalq sistemin özünə qarşı təhdid olduğunu bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a söyləyib ki, bu dünyada vaxtilə yaradılan mifik demokratiya və ədalətli yanaşma anlayışlarının oyundan başqa bir şey olmadığını sübüt edən faktdır:
“Çünki həqiqətən də demokratik və dünyəvi dəyərlərdən danışırıqsa, həmin halda Amerika da BMC-nin qərarlarına hörmətlə yanaşmalıdır. Yəni antirusiya, antiçin, antiiran və digər qeyri-Qərb ölkələrinə qarşı qərarlar qəbul ediləndə Amerika bunu necə dəstəkləyirdisə, onun maraqlarına zidd olan qanunsuz hadisələrə də etiraz etməməli idi. Həmin zaman ABŞ-nin təbliğ etdiyi insanı dəyərlərdən yana olduğuna inanardıq. Amma biz indi Qərbin demokratiyanı oyuna çevirdiyini görürük. Amerika senatoru tərəfindən olunan təhtidlər İsraili qorumağa hesablanıb. İsrail HƏMAS-la bağlı apardığı əməliyyatlarda haqlıdır. Çünki hər bir ölkə özünün təhlükəsizliyi və xalqının dinc yaşayışını təmin etmək hüququna malikdir. Amma bəzi nöqtələrdə İsrail beynəlxalq sistemi saymır və digər ölkələrin yanaşmalarını qulağardına vurur. Eyni zamanda, məqsədlərini ən sərt formada həyata keçirməyə çalışır. Bu isə dəfələrlə BMC və müxtəlif dövlətlər səviyyəsində tənqid olunub. Amerika senatorlarının təhdidləri isə Bayden hakimiyyətinin maraqları üzərində qurulmayıb”.