Rusiya Cənubi Osetiyanı İlhaq edəcək? -ŞƏRH

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib ki, Cənubi Osetiya sakinləri Rusiyanın tərkibinə daxil olmağa çalışırlar. 
"Belə bir qərar xüsusilə Abxaziya və Gürcüstanla münasibətlər çərçivəsində rezonans doğuracaq. Açıq suala səmimi cavab vermək vacibdir. Mən bu cavabı belə başa düşürəm. İlk növbədə onu deyim ki, Cənubi Osetiya sakinlərinin respublikanın Rusiya Federasiyasının tərkibinə daxil olması üçün səy göstərdiklərinə heç bir şübhəm yoxdur. Lakin belə bir qərar özlüyündə rezonans doğuracaq. Rusiya Federasiyasının Cənubi Osetiya ilə münasibətlərində heç bir problem yoxdur. Bununla belə, Rusiya Federasiyası respublikanın ilhaqı məsələsində kifayət qədər ehtiyatlı davranmalıdır“.
Qeyd edək ki, Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev də Cənubi Osetiyanın Şimali Osetiya ilə birləşməsindən sonra Rusiyanın tərkibinə daxil edilməsini dəstəkləyib. O, bölgədə Rusiya vətəndaşlarının yaşadığını iddia edib.

Politoloq Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında qeyd edib ki, Cənubi Osetiya Rusiyanın dəstəyi ilə Gürcüstandan ayrılıb:
"Düşünmürəm ki, Rusiya Cənubi Osetiyanı ilhaq etsin. Çünki Rusiya Ukranya ilə müharibədədir. Hazırki Gürcüstan hökuməti Rusiya ilə kifayət qədər normal münasibət sərgiləyir və ona qarşı sanksiyalara qoşulmur. Gələcəkdə Gürcüstanda qərbyönümlü müxalifət hakimiyyətə gələrsə, Rusiya bundan şantaj kimi istifadə edə bilər. Amma hazırda Cənubi Osetiyanın Rusiya tərəfindən ilhaq edilməsi gözlənilmir".

Ekspert əlavə edib ki, bu gün gürcü cəmiyyəti Cənubi Osetiya və Abxaziya ilə birləşmək xəyalları qurur:
"Hazırda Gürcüstanın Rusiyayla yaxşı əlaqələr qurması, xalqa Cənubi Osetiyanın Gürcüstanla birləşə biləcəyinin ümidini verir".