Qızqaçırma cəsarət deyil, caniləşmənin əlamətidir - Psixoloq

"Övladlarının erkən yaşda ailə həyatı qurmasına göz yuman valideynlər də cinayət məsuliyyətinə cəlb olunmalıdır"

“Erkən nigah və zorakılığa qarşı cəmiyyət birləşməsə, faciə davam edəcək”

Zamanın dəyişməsi, özü ilə gətirdiyi yeniliklərlə insanların düşüncə tərzini və dünyagörüşünü formalaşdırmaqda həlledici rol oynayır. Lakin bəzi insanlar əsrlər keçməsinə baxmayaraq, köhnəlmiş və geridəqalmış fikirlərin əsirindən xilas ola bilmirlər. Azərbaycanda hələ də erkən nigahı normal hal kimi qəbul edənlərin sayı az deyil. Artıq azyaşlı qızların zorla qaçırılması adət halına çevrilib.

Bir çoxları bu zorakı əmələ “qədim ənənə” adı altında bəraət qazandırmağa çalışır. Hətta bəziləri qızqaçırmanı cəsarət göstəricisi hesab edir. Mətbuatda tez-tez erkən nigah və qızqaçırma hadisələri ilə bağlı xəbərlər yayılır. Cəza tədbirləri belə, zorakılığın qarşısına sədd çəkə bilmir. Aprelin 3-də cəmiyyət daha bir zorakı əməlin şahidi oldu. Tovuz rayonunda yaşayan 32 yaşlı Nemət Məmmədov, evlənmək məqsədilə qardaşı və iki həmkəndlisi ilə birlikdə 19 yaşlı qadını zorla qaçırıblar. Onların hər biri şübhəli şəxs qismində saxlanılaraq, cinayət məsuliyyətinə cəlb olunublar. 

Müasir dövrdə zorakı davranışların qarşısının alınmasına mane olan əsas psixoloji amillər hansılardır?

Mövzu ilə bağlı psixoloq Elmir Əkbər Sherg.az-a bildirib ki, qızqaçırma hallarının artması acınacaqlı tendensiyadır:

“Təəssüf ki, bəzi insanlar bu zorakılığı cəsarətli addım kimi qiymətləndirir. Əslində bu, həyata qarşı acizlik və destruktiv düşüncə tərzinin ifadəsidir. Zorakı əməllərə görə cəzalandırma mexanizmləri sərtləşdirilməlidir. Onların sərt cəza ilə qarşılaşması ictimaiyyət üçün də ibrət dərsi olacaq. Gənclər cəsarətlərini, hüquqazidd davranışlarla deyil, sağlam həyat tərzi sürməklə, əldə etdikləri fiziki və zehni inkişaf vasitəsilə nümayiş etdirməlidir”. 

Psixoloqun sözlərinə görə, zorakı əməllərə görə qanunvericilikdə ciddi boşluqlar var:

“Yadınızdadırsa, ötən il Abşeron rayonunda neçə dəfə ailə həyatı qurub, boşanan molla, 16 yaşlı qızı qaçırmışdı. Hətta, həmin molla qızın atası ilə həmyaşıd idi. Təəssüf ki, hadisə ilə bağlı ciddi ictimai qınaq və cəza tədbirləri görülmədi. Belə məsələlər sosial verilişlərdə açıq şəkildə tənqid edilməli, ictimai qınaq formalaşdırılmalıdır. Azyaşlılarla erkən nigaha girən qocaların sayı artıb. Bəziləri Rusiyada bir neçə dəfə ailə həyatı qurduqdan sonra Azərbaycana qayıdaraq, gənc qızları bədbəxt eliyirlər”. 

E.Əkbər bildirib ki, övladlarının erkən yaşda ailə həyatı qurmasına göz yuman valideynlər də cinayət məsuliyyətinə cəlb olunmalıdır:

“Erkən yaşda nigah hallarına yol verildikdə, qızın yaxınları dərhal hüquq-mühafizə orqanlarını məlumatlandırmalı, sahə polisi isə operativ şəkildə əraziyə gələrək qanunvericiliyə uyğun tədbirlər görməlidir. Yeniyetmə ilə nigaha girən, “qoca babadan” tutmuş, kəbin kəsən mollaya qədər bu işə daxil olan hər kəs həbs olunmalıdır. Əgər qeyd etdiyiniz dörd nəfərin hər birinə ömürlük həbs cəzası verilsəydi, başqa bir vicdansızın bu cür zorakılığı təkrarlamaq cəsarəti olmazdı”. 

Psixoloqun fikrincə, insanların caniləşməsinə təsir edən amillərdən biri də sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edənlərdir:

“Qadın və kişi adına layiq olmayan mənəviyyatsız kütlə, mənəvi dəyərləri zədələyən hər bir biabırçı hərəkətlərə görə həbs olunmalıdır. Son zamanlar sosial mediada psixoloq adı altında əxlaqsız davranışlar sərgiləyən qadınlar da peyda olub. Əgər müvafiq qurumlar araşdırma aparsalar, onların bu sahədə diplom sahibi olmadıqları ortaya çıxar. Onlar, mənəvi dəyərlərə, insan psixologiyasına zərər verdikləri üçün məsuliyyətə cəlb olunmalıdır”. 

E. Əkbər vurğulayıb ki, demokratik ölkələrin bir çoxunda insan psixologiyasına təsir göstərən davranışlara görə qanunvericilikdə ağır cəzalar tətbiq olunur:

“Gənc qızlarımız mənəviyyatdan uzaq, tamah və nəfsin əsiri olanların qurbanına çevrilməməlidir. Çox vaxt gənc qızlar zorla qaçırıldıqdan sonra polis bölməsində ərizəni qaçıran şəxsin xeyrinə yazmağa məcbur edilir. Fikrimcə, qızqaçırma əməlini törədən şəxs 10 il həbs cəzası alırsa, bu prosesi dəstəkləyən digər şəxslər ömürlük azadlıqdan məhrum edilməlidir”. 

Psixoloq erkən nigahların yaratdığı fəsadlara diqqət çəkərək, bu məsələdə cəmiyyəti birliyə çağırıb: 

“Zorakı əməllərin qarşısı yalnız qanunvericilik çərçivəsində sərt və qəti cəzaların tətbiqi ilə aradan qaldırıla bilər. Digər tərəfdən, cəmiyyəti maarifləndirmək məqsədilə erkən nigahlarla bağlı sosial verilişlərin sayı artırılmalı, mətbuatda isə mütəxəssis rəylərinə geniş yer verilməlidir. Necə deyərlər, el bir olsa, dağ oynadar yerindən. Hər kəs erkən nigah hallarına qarşı birləşərək, insanların şəxsiyyət kimi sağlam formalaşmasına töhfə verməlidir”.