ABŞ-İran qarşıdurması yalnız regional deyil, qlobal risklər yaradır
Radiasiya, qaçqın axını və enerji fasilələri mümkündür
İrana qarşı nüvə hücumu ola bilərmi, olarsa bizi hansı təhlükələr gözləyir?
Sherg.az xəbər verir ki, Azərbaycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz ABŞ Prezidenti Donald Trampın ritorikasının kəskin dəyişməsinin qarşıdurmanın daha təhlükəli mərhələyə keçdiyinin göstərici olduğunu bildirib:
- “Daş dövrünə qaytarmaq” hədələrindən sonra indi də İranı “tam dağıtmaq”, “qaranlığa qərq etmək” kimi ifadələr ön plana çıxıb. Halbuki müharibədən əvvəl “rejimin dəyişməsi”, “nüvə proqramına son qoymaq”, “demokratiya” və “daha gözəl həyat” mesajları üstünlük təşkil edirdi. Milli maraqlarımız baxımından, İranın indiyədək bizə qarşı olan münasibətindən dolayı baş verənlər, cəmiyyətin buna reaksiyası da anlaşılan idi. İndi görünən odur ki, məqsədlər sürətlə dəyişir və qarşıdurma daha təhlükəli mərhələyə keçir. İran rejimi də nüvə imkanlarından geri çəkilmək niyyətində görünmür, daha sərt xətt tərəfdarlarının önə çıxdığı və hətta daha ciddi müqavimət göstərdikləri müşahidə olunur. Belə bir şəraitdə, ultimatumların sərtləşməsi və qarşılıqlı geri addımın olmaması isə daha böyük və ağlasığmaz hesab olunan təhlükəni, nüvə hücumu riskini artırır. Vaxtilə səslənən “III dünya müharibəsində hansı silahdan istifadə olunacağını bilmirəm, amma IV-də yay və ox olacaq” fikri bu gün səslənən “daş dövrü” mesajları ilə narahatedici şəkildə həmahəng səsləşir. Bu artıq təkcə İran və ABŞ-İsrail qarşıdurması deyil. Nüvə ssenarisi region ölkələri üçün real təhlükələr deməkdir: radiasiya yayılması, su və torpaq çirklənməsi, enerji və nəqliyyatın pozulması, qaçqın axını və uzunmüddətli sağlamlıq riskləri və s. Düşünürəm ki, belə bir şəraitdə qonşu ölkələr, o cümlədən ölkəmiz, mümkün ssenariyə hazırlaşmalıdır.
O.Gündüz bildirib ki, hökumət bu istiqamətdə açıqlamalar verməli, mümkün riskləri, real təhlükə olduğu anda daha az itkilərlə vəziyyətdən çıxmaq yollarını göstərməlidir:
- Radiasiya monitorinqi və erkən xəbərdarlıq sistemləri gücləndirilməli, fövqəladə hallar planları yenilənməli, tibbi və mülki müdafiə ehtiyatları artırılmalı, su-ərzaq və enerji təhlükəsizliyi üçün ehtiyat mexanizmlər hazırlanmalıdır. Nüvə riski artıq ehtimal olaraq deyil, getdikcə daha labüd görsənir.
O.Gündüz bunu da bildirib ki, İrana qonşu olan ölkələrin taleyi həm də təbiətin hökmündən asılı ola bilər:
- Belə görünür ki, bizim kimi qonşu ölkələrin taleyi getdikcə həm də daha çox İranda küləyin hansı istiqamətə əsməsindən asılı ola bilər. Nüvə partlayışından sonra radiasiyanın yayılmasında külək həlledici rol oynayır. Çernobıl qəzasından sonra da küləklərin istiqaməti bəzi ölkələrin bu fəlakətdən daha az itki ilə çıxmasına ciddi təsir etmişdi.