Ekspert: Azərbaycan müharibədən ən çox zərərçəkmiş ölkələrdən biridir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb. Cari ilin 30-31 may tarixlərində keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının mövzusu “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması”dır. Konfransın birinci günü Zəngilan, ikinci günü isə Bakı şəhərində baş tutacaq.
Konfrans, ölkəmizin mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.
Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır:                                                                                             
 “Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir”

Hərbi ekspert Emin Həsənli "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan bir çox sahələrdə mədəniyyətlərarası dioloqlar keçirir:

"Bu dünyada sülhün və təhlükəsizliyin qorunmasına, xalqların bir yerdə yaşamasına töhvə verir. Eyni zamanda, mina konfransı 3-cü dəfədir ki, Azərbaycanda keçirilir. Azərbaycan müharibədən ən çox zərərçəkmiş ölkələrdən biridir. Milyondan artıq vətəndaşımız məcburi köçkün həyatı yaşayıb, on minlərlə sakin şəhid olub, yaralanıb və minlərlə şəxs əsir düşüb. Ona görə də müharibənin necə bir faciə olduğunu çox yaxşı bilirik. Eyni zamanda, dünyada ən çox minalarla çirklənmiş ərazilərdən biri Qarabağdır. Ermənilərin boynuna aldıqlarına görə təkcə, Ağdam və Füzulidə 97 min mina basdırılıb. Onların verdikləri mina xəritələrinin 25 faizə qədəri düz çıxdı. Əvvəllər isə xəritələri vermək istəmirdilər. Ümumiyyətlə ermənilər həmin ərazilərə mina basdırdılar ki, azərbaycanlılar həmin bölgəyə gəlməsinlər. Qayıtdıqları təqdirdə isə minaya düşsünlər. Bütün bunlara baxmayaraq, vətəndaşlarımız həmin bölgələrimizə köç etməkdə davam edirlər. Qarabağ bölgəsində abadlıq işləri davam etdirilir. Azərbaycan qardaş Türkiyənin, İsrailin kiçik dəstəkləri ilə minadan təmizləndi. Avropa birliyi isə simvolik köməklik etdi".

Ekspert vurğulayıb ki, Ukraynaya milyardlarla ayıran ABŞ-nin Azərbaycanda minaların təmizlənməsinə dəstəyini görmədik:
"Prezident İlham Əliyevin sərəncamı ilə mina agentliyi yaradıldı. Bura böyük heyyət cəlb olundu və təlimlər keçirilərək müasir avadanlıqlar alındı. Mina təmizləndikdən sonra, hava limanları, hərbi hissələr tikildi, yollar, qaz-su çəkildi. Məcburi-köçkün olan vətəndaşlar öz yurdlarına qayıtdılar. Mina quraşdıran, terror törədən, təcavüzkar Ermənistan ən ağır cəzalara layiq idi. Təəssüf ki, Dünya birliyi hələ də susur".