Fransa Ermənistanı silah tədarükü: "Sezar"ların Azərbaycana qarşı olduğu bəllidir -RƏY

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb və danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub. 
Həmin razılaşmaya əsasən Fransa Ermənistana "Caesar" haubitsaları (özüyeriyən artilleriya qurğuları) göndərəcək. Dəqiqədə təxminən 6 mərmi atan bu ölüm saçan "Sezar"lar  (Caesar)42 km-ə qədər məsafədə atəş açmaq qabiliyyətinə malikdir. 
Rahat yolda 80 km/saat, yolsuzluqda isə 50 km/saata qədər sürətlə hərəkət edə bilən "Sezar"lar real hücum silahlarıdır.
Bəs, Fransanın bu artilleriya qurğularını Ermənistana verməkdə məqsədi nədir? 

Siyasi şərhçi Asif Nərimanlının "Sherg.az" a açıqlamasına görə, Fransanın Ermənistana “Sezar” (CAESAR) artilleriya sistemlərini verməsi ilə bağlı ikitərəfli müqavilə ilə rəsmi Paris iki faktı təsdiq edir. Müdafiə xarakterli silahlar”dan rəsmi şəkildə imtina olunur, həm də Ermənistanı Azərbaycana qarşı silahlandırır: 

"2023-cü ilin oktyabrından sonra Fransa Ermənistanı silahlandırmasını “heç bir ölkəyə qarşı” olmadığını deyir, bunu silahların əsasən “müdafiə xarakterli” olması ilə əsaslandırırdı. Hərçənd, bu müddətdə Fransa Ermənistanı Hindistan vasitəsilə hücum silahları ilə təmin edib. “Sezar”ların Ermənistana verilməsi məsələsini ötən ilin dekabrında Fransa Senatı gündəmə gətirmiş, bununla bağlı Makron Administrasiyasına müraciət etmişdi. “Sezar”ların Ermənistana verilməsi ilə bağlı müqavilənin indi imzalanması da təsadüfi deyil. 
 Birincisi, rəsmi İrəvan KTMT-dən çıxacağını ən yüksək səviyyədə elan etdi və bu, Ermənistanın təhlükəsizlik sferasında Rusiyanın iştirakını məhdudlaşdıran prosesin sürətlənməsi deməkdir.  Fransa Ermənistanda Rusiyanın boşalan yerindən böyük pay almaq niyyətindədir.  Bu baxımdan müqavilənin Fransa daxili siyasəti ilə də əlaqəsi istisna edilməməlidir. Avropa Parlamentinə seçkilərdə sağçılara məğlub olan Makron Milli Assambleyanı buraxdı, növbədənkənar seçkilərin I turu iyunun 30-da, II turu iyulun 7-də keçiriləcək və bu seçki yarışında ona Fransadakı erməni icmasının (yarım milyondan çox erməni seçici var) səsləri lazımdır.
Makronun Ermənistana hücum silahları verməsinin “müdafiə xarakteri” daşımadığı və Azərbaycana qarşı olduğu bəllidir, xüsusilə “Sezar” artilleriya sistemlərinin göstəriciləri və dünyanın ən yaxşı haubitsaları arasında ilk üçlükdə olması fonunda. Hərçənd, təcrübə bölgədə sülh gündəliyinə yarana biləcək risklərin Ermənistan üçün ağır nəticələrinin olduğunu təsdiq edir".