Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontrakt imzalanıb. Həmin razılaşmaya əsasən Fransa Ermənistana "Caesar" haubitsaları (özüyeriyən artilleriya qurğuları) göndərəcək. Dəqiqədə təxminən 6 mərmi atan bu ölüm saçan "Sezar"lar (Caesar)42 km-ə qədər məsafədə atəş açmaq qabiliyyətinə malikdir. Rahat yolda 80 km/saat, yolsuzluqda isə 50 km/saata qədər sürətlə hərəkət edə bilən "Sezar"lar real hücum silahlarıdır.
Mövzunu şərh edən siyasi şərhçi Səxavət Məmməd isə “Sherg.az”a açıqlamasında deyib ki, Fransa ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq göz qabağında idi və rəsmi Bakı da bir neçə dəfə də İrəvana xəbərdarlıq etmişdi. Lakin ekspertin fikrincə təkcə Fransa ilə hərbi sahədəki əməkdaşlıq yox, Ermənistanın digər ölkələrlə əməkdaşlığı da diqqətlə izlənilməlidir:
“Ermənistanın hücum silahları alacağı əvvəlcədən gözlənilən idi. Ermənistan özünü məğlub saymır. Çünki müharibə Azərbaycan ərazisində gedib. Əraziləri işğal altında qalmayıb. Ona görə də, qarşı tərəf sülh müqaviləsinə özünü məcbur saymır. Təcrübə onu göstərir ki, məcbur edilmədikcə qarşı tərəf sülh müqaviləsi imzalamaqdan boyun qaçıracaq. Ermənistandakı hökumətə müxalif düşərgə revanşdan dəm vurur. Azərbaycan mediası, politoloqları, deputatları da Ermənistan müxalifətini hədəfə götürür. Soruşmaq ayıb olmasın, hücum silahının alınması ilə bağlı müqaviləni Baqrat imzalayıb? Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontrakt imzalanmasına Azərbaycan Müdafiə nazirliyi bəyanat verib. Bəyanat kifayət qədər sərtdir. Bəyanatda iki yerdə müharibə sözü keçir. Birincidə deyilir ki, Fransanın Ermənistanı silahlandırması yeni müharibəyə aparan yoldur. Sülh göyərçinlərinin havada uçuşduğu bir vaxtda bu cür ifadə gözardı edilməməlidir. Hesab edirəm ki, Müdafiə nazirliyinin tarixində bəlkə də ən ağır bəyanatlardan biridir. Demək ki, nələrsə düz getmir. Bəyanatda ən önəmli yer isə "Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır" cümləsidir. Bəyanatda ehtimal yoxdur, konkretlik var”.
Regionda sabitlik və sakitliyin müvəqqəti olduğunu vurğulayan S. Məmməd hesab edir ki, Rusiya Ukrayna müharibəsinin nəticəsi mütləq şəkildə regiona siyasi və hərbi baxımdan təsir edəcək.