ABŞ başda olmaqla Qərb ölkələri Ukraynada Rusiyanı məğlub etmək istəyirlər, lakin bunlar ümidsiz planlardır.
Bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Vəziyyət belə görünür ki, Qərb ABŞ-ın rəhbərliyi altında Almaniyanın köməyi ilə Rusiyanı məğlub etmək istəyir. Məncə, ümidsizdir. Real konturlarda görünməyən uğur qazansaq belə, o qədər yüksək qiymət ödəməli olacağıq ki, bütün bunlara dəyməz”, - Orban bildirib.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov "Sherg.az"a bildirib ki, Macarıstan digər Avropa ölkələrindən fərqli olaraq xarici siyasətini ABŞ-ə görə təyin etmir:
"Bütün bunlar Macarıstanın ABŞ və bir çox Avropa ölkələri tərəfindən siyasi təzyiqə məruz qalmasına səbəb olur. Hər kəs bilir ki, bu müharibədə zaman Rusiyanın xeyrinə işləyir. Qərbin planı belə idi ki, canlı qüvvə Ukraynadan olacaq, maliyyə vəsaiti, hərbi texnikanı isə onlar verəcək. Bununla da Rusiya hərbçilərini qova biləcəklər. Nəticədə, beynəlxalq aləmdə Rusiyanı nüfuzdan salmağa müvəffəq olacaqlar. Ancaq üstündən xeyli vaxt keçsə də, Ukrayna torpaqları hələ də Rusiyanın əlindədir. Viktor Orban bu səbəbdən "real konturlarda görünməyən uğur qazansaq belə, o qədər yüksək qiymət ödəməli olacağıq ki, bütün bunlara dəyməz"-deyə açıqlama verib".