İranda iyunun 28-də keçiriləcək prezident seçkilərində rəqabət aparan namizədlərlə bağlı keçirilən rəy sorğusunda islahatçı Məsud Pezeşkiyan 24.4 faizlə yüksəlişdədir. Azərbaycan əsilli siyasətçi siyahının ilk pilləsində qərarlaşıb.
Səsləri azalan mühafizəkar Səid Cəlili 24 faizlə ikinci, digər mühafizəkar namizəd Məhəmməd Baqir Qalibaf 14.7 faizlə üçüncüdür.
İran Tələbələrin Sorğu Agentliyi (ISPA) 22-23 iyun tarixlərində keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Ölkənin 31 əyalətində yaşı 18-dən yuxarı olan 4057 nəfərlə aparılan sorğuda mütləq seçkidə iştirak edəcəklərini bildirən və ya seçkidə iştirak etməyi düşünən seçicilərə belə bir sual verilib: “Əgər prezident seçkiləri indi keçirilsəydi, hansı prezidentliyə namizədə səs verərdiniz?”.
İştirakçıların 24.4 faizi səsləri artan islahatçıların namizədi, keçmiş səhiyyə naziri Pezeşkiyana, 24 faizi də Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Cəliliyə səs verəcəklərini söyləyib. Əvvəlki bir çox sorğuda ön sıralarda olan parlament sədri Qalibaf 14.7 faizlə üçüncü olub.
Seçki öncəsi televiziya debatlarına qatılan 6 namizəd arasında olan Məsud Pezeşkiyan “Qadınları hicab taxmağa məcbur edə bilmərik” ifadəsi ilə diqqət çəkib.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a bildirib ki, İranda Prezident seçkilərinin rəqabət fonunda keçəcəyi görünür:
“İranda Prezidentlik üçün namizədliyini irəli sürən xeyli şəxs var. Adətən İranda Prezident seçkiləri həmişə çoxlu namizədlə xarakterizə olunur. Bu dəfə də İran idarəetməsində müxtəlif vəzifələrdə olan simalar Prezidentlik uğrunda yarışırlar. Bunların içərisində Məsud Pezeşkiyan Cənubi Azərbaycan bölgəsində xüsusi hörmətə malikdir. Məsud Pezeşkiyan bir çox simadan fərqli olaraq əsas islahatçı namizəd hesab olunur. Prezident seçkiləri fonunda onun konkret bölgədən olması azərbaycanlı namizədin qələbə çalma ehtimallarını azaldır. Amma seçkilər fonunda çox aşağı səs toplamayacaq. Çünki Təbrizdə, Ərdəbildə və digər Azərbaycan əsilli İran vətəndaşlarının yaşadığı bölgələrdə Məsud Pezeşkiyanın hörməti, siyasi reytinqləri mövcuddur”.