Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi de-fakto dayanıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Aİ liderlərinin Brüsseldə keçirilən sammitinin yekunlarına dair bəyanatda deyilib.
Avropa Şurası Gürcüstanda baş verən son hadisələrlə bağlı “ciddi narahatlıq” ifadə edib. Eyni zamanda, qəbul edilmiş “Xarici agentlər haqqında” qanun Avropa Komissiyasının Aİ üzvlüyünə namizəd statusunun əldə edilməsi ilə bağlı tövsiyələrində göstərilən addımlardan yayınma adlandırılıb.
“Avropa Şurası Gürcüstan hakimiyyətini hazırkı fəaliyyət kursunu dəyişdirərək öz niyyətlərini aydınlaşdırmağa çağırır ki, bu da Gürcüstanın Aİ-yə yolunu təhlükə altına alır və faktiki olaraq üzvlük prosesinin dayanmasına gətirib çıxarır”, -bəyanatda deyilib.
Həmçinin, qeyd edilib ki, Gürcüstanda vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi liderlərə, ictimai fəallara və jurnalistlərə qarşı təhdid və hücum hallarının sayı artır.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, Qərbin Gürcüstanın Aİ-yə üzvlük məsələsini ortalığa atmaqda məqsədi onu Rusiyanın təsir dairəsindən çıxarmaq idi:
"Kollektiv Qərb səylə çalışır ki, Ermənistan və Gürcüstanı Rusiyanın təsir dairəsindən çıxaraq onların Qərbə inteqrasiyasını təmin etsin. Beləliklə Qərb Cənubi Qafqazda nüfuz dairəsini genişləndirmiş, Rusiyanın təsir dairəsini isə azaltmış olacaq. Lakin hazırda Hakim “Gürcü Arzusu” partiyası, partiyanın parlamentdəki fraksiyası və hökumət üzvləri Qərb blokunu kənarda buraxaraq Şərq blokuna yönəlir. Gürcüstanla Qərbin münasibətlərinin pozulmasına səbəb "Xarici təsir haqqında" qanun layihəsinin qəbulu məsələsi idi. ABŞ və Aİ Gürcüstanı antiqərb əməllərinə görə cəzalandırmaq istəyir. Bu səbəbdən Gürcüstanın Avropa İttifaqına daxil olması prosesinin de-fakto dayanması heç də təəccüblü deyil".