"Parlamentdə elə deputatlar var ki, idarəetmə bacarıqları ilə cənab prezidentə yerlərdə daha çox kömək ola bilərlər"
Prezident İlham Əliyevin sərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
A.Əliyev bu təyinata kimi VI çağırış Milli Məclisin vitse-spikeri olub.
Keçmiş deputatın qısa tərcümeyi-halını təqdim edir: Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Maxta kəndində anadan olub. Leninqrad Ali Hərbi Dənizçilik Akademiyasının Mühəndis-şturman fakültəsini, Azərbaycan Polis Akademiyasını və BDU-nun magistraturasını bitirib. 1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində bölmə rəisi, 1994-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsində növbətçi inspektor, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, 1998-ci ildən Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində baş əməliyyat müvəkkili, rəis müavini işləyib. 1999–2002-ci illərdə Su Nəqliyyatında Polis İdarəsi Xətt polis şöbəsinin rəisi, bölmə inspektoru olub. 2002-ci ildən Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin bölmə rəisi, Yasamal Rayon Polis İdarəsinin şöbə rəisi, 2004–2005-ci illərdə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi vəzifələrində çalışıb. Üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
«İgidliyə görə» medalı ilə təltif edilib. Rus dilini bilir. Adil Əliyev Milli Məclisdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilmişdi.
2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini idi. Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
Qeyd edək ki, Azərbaycanda Milli Məclisin deputatlarının yüksək vəzifəyə təyin olunması təcrübəsindən dəfələrlə istifadə olunub. Xüsusilə də, son onillikdə bu cür təyinatlara daha tez-tez rast gəlinir. Bu cür təyinatlar içərisində icra başçısından tutmuş nazir postuna qədər idarəetmənin müxtəlif səviyyələrində məsul vəzifələrə gətirilən millət vəkillərinə rast gəlmək mümkündür.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev də “Şərq”ə açıqlamasında deyib ki, bu, dünyada sınanmış bir üsuldur:
“Parlament üzvləri bu və ya digər formada peşəkar idarəetmə ilə tanış olduqlarına, qanunvericiliyi yaxşı bildiklərinə görə onları qərb ölkələri Senatda, Konqresdə yüksək vəzifələrə təyin edirlər. Bu təcrübədən Rusiyada da istifadə olunur. O cümlədən də ölkəmizdə zaman-zaman deputatların hansısa vəzifələrə təyinat aldığının şahidi oluruq. Hesab edirəm ki, uğurlu seçimdir. Adil Əliyev peşəkar siyasətçidir. Deputatlıq dönəmində də o, seçiciləri ilə çox gözəl münasibət qura bilmişdi. O, dövlətinə və prezidentinə sədaqətlə xidmət baxımından da hər zaman örnək deputatlardan biri olub. İnanıram ki, Adil Əliyev icra başçısı olaraq da özünü doğruldacaq və Suraxanı rayon sakinlərinin problemlərini dinləyib onların həllinə çalışacaq”.
C.Nuriyevin sözlərinə görə, proses davam etməlidir: “Parlamentdə təmsil olunan bir çox deputat var ki, onlar öz təcrübəsi və idarəetmə bacarıqları ilə cənab prezidentə yerlərdə daha çox kömək olarlar. Xüsusən də kənd təsərrüfatı rayonlarına göndərilən başçıların bu sahədən xəbəri olmadığından uğurlu fəaliyyət göstərə bilmirlər”.
C.Nuriyevin sözlərinə görə, proses davam etməlidir: “Parlamentdə təmsil olunan bir çox deputat var ki, onlar öz təcrübəsi və idarəetmə bacarıqları ilə cənab prezidentə yerlərdə daha çox kömək olarlar. Xüsusən də kənd təsərrüfatı rayonlarına göndərilən başçıların bu sahədən xəbəri olmadığından uğurlu fəaliyyət göstərə bilmirlər”.