“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müxtəlif beynəlxalq aktorların nikbin mesajları fonunda Türkiyə xatırladır ki, bu, həm də Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı nəzərdə tutur”.
Bunu erməni deputat Tiqran Abramyan yazıb.
O, Türkiyənin sülh müqaviləsi çərçivəsində Zəngəzur dəhlizinin açılmasını zəruri hesab etdiyinə eyham vurub.
“Danışıqlar prosesi ilə bağlı Qərbdən səslənən müsbət gözləntilərin əsasında Ermənistanın güzəştləri, ABŞ-ın təzyiqləri var?
Son 6 ildə kənardan nə qədər çox müsbət gözləntilər olursa, Ermənistan və erməni xalqı bir o qədər çox itirməkdə davam edir”, – T.Abramyan bildirib.
Abramyanın fikirlərinə münasibət bildirən politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, bu regional və qlobal səviyyədə yeni nəqliyyat-kommunikasiya sisteminin açılması deməkdir:
“Sözügedən layihədən təkcə Azərbaycan, Türkiyə qazanmayacaq, eyni zamanda Ermənistan da faydanalacaq. Eyni zamanda Ermənistanın Türkiyə vasitəsilə Avropa, Aralıq dənizi və Yaxın Şərqə çıxışını təmin edir. Yəni dünyaya bağlı olan Ermənistan pəncərə əldə edir ki, bu da iqtisadi və Avropaya inteqrasiya cəhətdən rəsmi İrəvan üçün çox önəmlidir. Yalnız İranın pəncərəsindən asılı olan Ermənistan bu gün inkişaf edən dünyaya çıxış əldə edəcək. Ona görə də Zəngəzur dəhlizi sözügedən sülh müqaviləsinin, bütövlükdə prosesinin tərkib hissəsidir. Çünki dəhlizin açılması əməkdaşlıq deməkdir. Əgər əməkdaşlıq və qarşılıqlı mənfəət varsa, bu müəyyən mənada sülhün təminatı rolunu oynayır. Digər tərəfdən əməkdaşlıqla yanaşı qarşılıqlı etimad yaradır. Məsələyə düşmən gözüylə deyil, dövlətin və cəmiyyətin maraqları kontekstində baxılsa, hansısa müxalif qüvvələrin söylədiklərinin hakimiyyət əleyhinə istifadə olunmalı amillərdən başqa bir şey olmadığını görərik. Bu düşmənçilik isə Ermənistanı yalnız faciəli duruma sürükləyir. Həmin insanlar 30 il bundan öncə hansı havanı çalırdılarsa, indi də eyni havanı çalmaqda davam edirlər. Ermənistan cəmiyyətinə təklif edəcəkləri fərqli heç bir şeyləri yoxdur. Ona görə də bu gün Zəngəzur dəhlizin açılması vacib faktordur. Sözügedən hadisə bir çox beynəlxalq oyunçuların prosesdə iştirakı və dəstəyi deməkdir ki, bu da gələcək prespektivdə nəqliyyat-kommunikasiya sistemləri vasitəsilə daşınan yüklərin miqdarını dəfələrlə artıracaq”.